Menyu

Maşın alarkən və satarkən nə qədər rüsum ödənilir?

Ayşən Sadıxzadə
Maşın alarkən və satarkən nə qədər rüsum ödənilir?

Nəqliyyat vasitələrinin alqı-satqısı zamanı vətəndaşları maraqlandıran əsas məsələlərdən biri ödənilməli olan dövlət rüsumları və tələb olunan sənədlərdir. Avtomobilin özgəninkiləşdirilməsi notariat qaydasında rəsmiləşdirildiyindən, həm müqavilənin təsdiqi, həm də sonrakı qeydiyyat prosedurları müəyyən xərclərlə müşayiət olunur.

Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Səma Əhmədova deyib. 

O bildirib ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqi üçün nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsinin texniki müayinədən keçməsi barədə sənəd təqdim edilməlidir:

"Mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnamə və əmlakın özgəninkiləşdirilməsinə ərinin (arvadının) notariat qaydasında təsdiq edilmiş razılığı da tələb olunur. Əmlak bağışlandıqda isə tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması barədə məhkəmə qətnaməsi təqdim edilməlidir. Müqavilənin bağlanması zamanı həm mülkiyyətçi (və ya onun notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında nümayəndəsi), həm də alıcı və ya hədiyyə alan şəxs (və ya onun nümayəndəsi) iştirak etməlidir.

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, avtomobil müqavilə üzrə ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın və ya bacının mülkiyyətinə keçirsə, müqavilənin təsdiqinə görə 35 manat dövlət rüsumu və 5,25 manat xidmət haqqı ödənilir. Əgər nəqliyyat vasitəsi digər şəxsin mülkiyyətinə keçirsə, bu halda 70 manat dövlət rüsumu və 10,50 manat xidmət haqqı tutulur.

Notariat qaydasında müqavilə təsdiq edildikdən sonra nəqliyyat vasitəsi yeni sahibin adına qeydiyyata alınmalıdır. Qeydiyyat zamanı ödənilən dövlət rüsumunun məbləği avtomobilin mühərrikinin həcmindən asılı olaraq müəyyən edilir. Belə ki, mühərrik həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün hər kubsantimetrə görə 0,05 manat dövlət rüsumu tətbiq olunur. Mühərrik həcmi artdıqca dövlət rüsumunun məbləği də müvafiq olaraq yüksəlir və 5000 kubsantimetrdən artıq olan minik avtomobilləri üçün dövlət rüsumu 1500 manat təşkil edir.

Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi də tələb oluna bilər. Avtonəqliyyat vasitələri üçün texniki baxışa görə dövlət rüsumu 30 manat müəyyən edilmişdir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər