Azərbaycanda təbii qaz hasilatı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 20,935 milyard kubmetr təbii qaz hasil edilib.
Operativ Media Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 milyon kubmetr və ya 0,12 faiz artıb.
Ötən ilin yanvar-may aylarında ölkədə təbii qaz hasilatı 20,911 milyard kubmetr təşkil edib.
Hesabat dövründə 16,305 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 112,4 milyon kubmetr və ya 0,7 faiz çoxdur.
Ötən ilin yanvar-may aylarında ölkədə 16,193 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.
Ümumilikdə, Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb.
Bundan başqa, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında Azərbaycandan 3,344 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracının dəyəri 489,8 milyon ABŞ dolları və ya 12,8% azalıb, həcmi isə 110,2 milyon ton və ya 1,1% artıb.
Qaz hasilatının artması fonunda Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı təchizatçı mövqeyini daha da möhkəmləndirir. Bir sözlə, Azərbaycanın təbii qaz ixracının coğrafiyası da genişlənməkdə davam edir.
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bildirib ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir.
"Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir.
Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır", – deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib ki, ötən il Avropa İttifaqına boru kəməri idxal olunan qazın ümumi həcmində Azərbaycanın payı 8,1 faiz təşkil edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerjinin həcmi ilə deyil, regionları və bazarları nə dərəcədə səmərəli şəkildə birləşdirə bilməsi ilə müəyyən olunur.
“Azərbaycan 20-dən çox ölkəyə neft ixrac edir, Azərbaycan təbii qazını alan ölkələrin sayı isə 16-ya çatıb ki, bu da ölkəmizi boru kəməri qazı ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına çıxarır”, – deyə nazir bildirib.
P.Şahbazov qeyd edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 faizi düşüb.
“Ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib”, – deyə o əlavə edib.