Menyu

Azərbaycanda kapitalı qorumağın yolları: Ən az riskli investisiya alətləri hansılardır?

Ayşən Sadıxzadə
Azərbaycanda kapitalı qorumağın yolları: Ən az riskli investisiya alətləri hansılardır?

İnvestisiya həm şəxsi maliyyənin qorunması, həm də gələcək gəlirlərin artırılması baxımından mühüm vasitələrdən hesab olunur. İnkişaf etmiş ölkələrdə vətəndaşlar səhm, istiqraz, investisiya fondları və digər maliyyə alətləri arasında seçim edə bildikləri halda, Azərbaycanda investisiya imkanları hələ də məhdud olaraq qalır. Bu vəziyyət vətəndaşların daha çox ənənəvi investisiya vasitələrinə üz tutmasına səbəb olur.

Mövzu ilə bağlı Operativ Media-ya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda investisiya alətləri məhduddur:

"Qiymətli kağızlar bazarı istənilən səviyyədə inkişaf etməyib. Buna görə də vətəndaşların investisiya üçün seçim imkanları geniş deyil. Hazırda ən çox üstünlük verilən investisiya istiqamətləri daşınmaz əmlak və qızıldır. Xüsusilə imkanı olan şəxslər vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər. Çünki alternativ investisiya alətləri kifayət qədər inkişaf etməyib.

Səhm bazarının və digər maliyyə alətlərinin zəif olması investorların seçim imkanlarını məhdudlaşdırır. Nəticədə vətəndaşlar daha çox ənənəvi və onlara tanış olan investisiya vasitələrinə üstünlük verməyə məcbur qalırlar”.

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda iqtisadi inkişafın davam etməsi və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə həm yerli sahibkarlar, həm də xarici investorlar üçün yeni imkanlar yaradır:

"Bu proses investisiya mühitinin daha da yaxşılaşmasına və müxtəlif sahələrə marağın artmasına səbəb olur. Şübhəsiz ki, vəsaitlərin istehsal və xidmət sektorlarına yönəldilməsi gəlirlilik və rentabellik baxımından daha yüksək potensiala malikdir. Bununla belə, vətəndaşların əhəmiyyətli bir hissəsinin vəsaitlərini daşınmaz əmlaka yatırdığı da müşahidə olunur. Bu tendensiya əsasən son illərdə daşınmaz əmlak bazarında qiymət artımlarının qeydə alınması ilə əlaqədardır. Qiymətlərin yüksəlməsi həmin istiqamətdə investisiya qoyuluşunu daha cəlbedici göstərir.

Lakin daşınmaz əmlak, əksər hallarda, passiv investisiya növü hesab olunur. Yəni vəsaitin dəyərinin qorunmasına xidmət etsə də, iqtisadi fəaliyyət və əlavə dəyər yaratmaq baxımından məhdud imkanlara malikdir.

Bu baxımdan daha perspektivli istiqamətlərdən biri rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovativ xidmət sahələridir. Bu sahələrə investisiya yatırmaq üçün hər zaman böyük kapital tələb olunmur. Eyni zamanda, rəqəmsal xidmətlərə və onlayn ticarətə tələbatın artması həmin sahələrin gəlirliliyini yüksəldir.

Ən vacib məqamlardan biri də odur ki, rəqəmsal sahələrə yönəldilən vəsait passiv deyil, aktiv investisiya xarakteri daşıyır. Bu investisiyalar yeni iş yerlərinin yaranmasına, innovasiyaların tətbiqinə və iqtisadi fəallığın artmasına töhfə verir.

Müasir dövrün çağırışlarını nəzərə alsaq, vəsaitlərin daha çox onlayn xidmətlərə, rəqəmsal texnologiyalara, elektron ticarət platformalarına və innovativ biznes modellərinə yönəldilməsi həm investorlar, həm də ölkə iqtisadiyyatı üçün daha səmərəli nəticələr vəd edir”.

Əmlak eksperti Elnur Azadov isə bildirib ki, daşınmaz əmlaka yönəldilən investisiyalar ən az riskli investisiya növlərindən hesab olunur və investorlar tərəfindən daha çox üstünlük verilir:

“Torpaq sahələrinin alınmasına gəldikdə isə, mülkiyyət hüququ ilə əldə olunan torpaqlarda, təyinatı düzgün olduğu halda, ciddi risklər mövcud deyil. Xüsusilə yaşayış məntəqələri təyinatlı torpaqlarda hüquqi status dəqiqləşdirildikdən sonra hər hansı problem yaranmır. Burada əsas diqqət yetirilməli məqam kommunikasiya xətləridir. Yəni ərazidə su, kanalizasiya, elektrik və digər infrastrukturun mövcudluğu öncədən araşdırılmalıdır.

Eyni zamanda, torpaq sahəsinin qanunvericiliklə hər hansı məhdudiyyət tətbiq olunan ərazidə yerləşib-yerləşmədiyi də dəqiqləşdirilməlidir. Bəzi hallarda kommunikasiya xətləri və ya digər dövlət ehtiyacları ilə bağlı məhdudiyyətlər yarana bilər.

Digər torpaq investisiyaları isə nisbətən daha riskli hesab oluna bilər. Məsələn, kommersiya məqsədli və ya xüsusi təyinatlı torpaqların alınması zamanı gələcəkdə tikinti və ya istifadə ilə bağlı müəyyən çətinliklər ortaya çıxa bilər.

Kənd təsərrüfatı təyinatlı torpaqların alınmasında isə ciddi risk görmürəm. Burada əsas diqqət yetirilməli məsələlər su təminatı və yol infrastrukturudur. Torpaq sahəsinin yerləşdiyi ərazi, həmin əraziyə çıxış imkanları və su təminatı gələcək istifadə baxımından xüsusi əhəmiyyət daşıyır.

Mənzil investisiyasına gəldikdə isə, bu sahə ən aşağı riskli investisiya istiqamətlərindən biri hesab olunur. Əgər bina qəzalı vəziyyətdə deyilsə, istismar müddəti ilə bağlı problem yoxdursa və sənədləşmə qaydasındadırsa, burada ciddi risklər müşahidə edilmir. Minimum risk məhz bu investisiya növündədir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər