Menyu

Rəqəmsal iqtisadiyyatın ÜDM-də payı necə artırıla bilər? - TƏHLİL

Ayşən Sadıxzadə
Rəqəmsal iqtisadiyyatın ÜDM-də payı necə artırıla bilər? - TƏHLİL

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında süni intellekt və rəqəmsal inkişaf üzrə strateji istiqamətlər müzakirə edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsasən ölkəmizdə qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunub".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, əsas hədəflərdən biri də məhz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir:

"Əgər qlobal iqtisadi artım 3 faiz arasında dəyişdirsə süni intellekt tərəfindən yaradılan dəyərdə artım illik 20 faizdən çoxdur. Növbəti dekada bu sahədə 30 faizlik artım proqnozlaşdırılır. Bütün bunlar bir daha təsdiq edir ki, artıq rəqabət yalnız ənənəvi sektorlar deyil, həmçinin süni intellekt və rəqəmsal inkişaf üzrə aparılır. Bu kontekstdən Azərbaycanda həyata keçirilən sistemli tədbirlər bir tərəfdən bu sahədə daha çox dəyər yaratmaqla iqtisadi diversifikasiyanın sürtələnməsinə, digər tərəfdən isə iqtisadi artım innovativ sektorlar vasitəsi ilə dəstəklənməsinə imkan yaradacaq.

Yol xəritəsində əksini tapan vacib istiqamətlərdən biri də bu sahədə qanunverici bazanın daha da möhkəmləndirilməsidir. “Kraudfandinq” haqqında Qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Bu layihənin qəbulu startaplar daxil olmaqla, kiçik və orta sahibkarların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Beynəlxalq təcrübə göstərir ki, süni intellekt və rəqəmsal inkişafda startaplar xüsusi töhfəyə və paya malikdirlər. Bu baxımdan, bu sahədə qanunverici bazanın güclənməsi kontekstində “Startaplara Dövlət Dəstəyi” haqqında Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu startapların maliyyə resurslarına çıxış imkanlarını artırmaqla onların süni intellekt və rəqəmsal inkişafda rolunu daha da gücləndirərdi.

Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək. Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intelektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intellekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu ekosisteminin keyfiyyətcə daha yenilənməsi üçün xüsusi baza formalaşdırır. Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə, qeyri-neft ümumi daxili məhsulunun 2,8 %-i informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3,3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ilk növbədə “rəqəmsal iqtisadiyyat” anlayışının dəqiq nəyi əhatə etdiyini müəyyənləşdirmək vacibdir:

"Hazırda bu anlayış kifayət qədər geniş şərh olunur. Ona görə də onun ÜDM-də payının necə hesablanacağı ilə bağlı vahid metodologiyaya ehtiyac var.

Məsələn, vətəndaş onlayn bank xidməti vasitəsilə kredit götürür və ya ödəniş edir. Bu fəaliyyət rəqəmsal iqtisadiyyatın tərkib hissəsi hesab olunmalıdır, yoxsa bank sektorunun fəaliyyəti kimi qiymətləndirilməlidir? Eyni sual kommunal ödənişlərə də aiddir. Əgər ödəniş rəqəmsal platforma üzərindən həyata keçirilirsə, bu rəqəmsal iqtisadiyyata daxildirmi, yoxsa kommunal xidmət sektorunun göstəricisi sayılır?

Hazırda bu məsələlərlə bağlı metodologiyanın hazırlanması istiqamətində işlər aparılır. Mənim bildiyimə görə, bunun üzərində Nazirlər Kabineti çalışır. Həmin metodologiya təsdiqləndikdən sonra rəqəmsal iqtisadiyyatın ölkə iqtisadiyyatındakı payını daha dəqiq ölçmək və qiymətləndirmək mümkün olacaq.

Bir məqam isə artıq aydındır: rəqəmsal iqtisadiyyatın payı ildən-ilə artır və bu, ölkənin iqtisadi inkişafı baxımından müsbət tendensiyadır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər