Menyu

Rəqəmsal transformasiya iqtisadiyyata necə təsir edəcək? - RƏY

Ayşən Sadıxzadə
Rəqəmsal transformasiya iqtisadiyyata necə təsir edəcək? - RƏY

Rəqəmsal transformasiya iqtisadi artımı sürətləndirən əsas amillərdən biri hesab olunur. Onun ən mühüm təsirlərindən biri əmək məhsuldarlığının artmasıdır. Süni intellekt, avtomatlaşdırma, rəqəmsal kommunikasiya və onlayn ödəniş sistemləri kimi texnologiyaların tətbiqi sayəsində eyni vaxt ərzində daha çox iş görmək mümkün olur. Bu isə həm vaxt itkisinin azalmasına, həm də iş proseslərinin daha səmərəli təşkilinə şərait yaradır.

Bu sözləri Operativ Media-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, rəqəmsallaşmanın digər mühüm üstünlüyü xərclərin azalmasıdır:

"Elektron xidmətlər və avtomatlaşdırılmış proseslər tranzaksiya xərclərini aşağı salır, sənəd dövriyyəsini sadələşdirir və əməliyyatların daha sürətli icrasını təmin edir. Bunun nəticəsində müəssisələrin ümumi fəaliyyət xərcləri azalır və resurslardan daha səmərəli istifadə edilir.

“Bundan əlavə, rəqəmsal həllər şəffaflığı və idarəetmənin keyfiyyətini artırır. Məlumatların real vaxt rejimində izlənilməsi, nəzarət mexanizmlərinin güclənməsi və qərarların dəqiq məlumatlara əsasən verilməsi həm dövlət, həm də özəl sektorda idarəetməni daha effektiv edir.

Hansı addımlar vacibdir?

Bu istiqamətdə ilk növbədə qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və tətbiqi vacibdir. Azərbaycan hazırda rəqəmsal texnologiyaların yaradılması baxımından aparıcı ölkələr sırasında olmasa da, inkişaf etmiş ölkələrin uğurlu təcrübəsini sürətlə mənimsəyərək tətbiq edə bilər.

Digər mühüm məsələ isə ixtisaslı kadr hazırlığıdır. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün proqramçılar, süni intellekt mütəxəssisləri, məlumat analitikləri, kibertəhlükəsizlik üzrə ekspertlər və digər texnoloji sahələrdə peşəkarların sayı artırılmalıdır.

Vergi güzəştlərinin rolu

Rəqəmsal transformasiyanın sürətlənməsində vergi güzəştləri və dövlət təşviqləri də mühüm rol oynayır. Texnologiya parklarında fəaliyyət göstərən rezidentlərə, startaplara və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərə təqdim olunan güzəştlər innovativ fəaliyyətin genişlənməsinə, yeni layihələrin yaranmasına və investisiyaların artmasına müsbət təsir göstərir.

Əmək bazarında hansı dəyişikliklər gözlənilir?

Rəqəmsallaşma bir tərəfdən yeni peşələrin yaranmasına səbəb olacaq, digər tərəfdən isə bəzi ənənəvi peşələrə olan tələbatı azaldacaq.

Ən çox ehtiyac yaranacaq sahələr bunlardır:

-süni intellekt sistemlərinin hazırlanması və idarə olunması;

-məlumat bazalarının layihələndirilməsi və idarə edilməsi;

-məlumatların analitik təhlili;

-informasiya və kibertəhlükəsizlik;

-rəqəmsal texnologiyalar üzrə mühəndislik.

Eyni zamanda, təkrarlanan və standart əməliyyatların avtomatlaşdırılması nəticəsində bəzi iş yerlərinə ehtiyac azalacaq. Məsələn, anbar təsərrüfatında robotlaşdırılmış sistemlərin tətbiqi, ofis işlərinin avtomatlaşdırılması və süni intellektin məzmun hazırlanması kimi proseslər eyni iş həcmini daha az insan resursu ilə yerinə yetirməyə imkan verəcək.

Azərbaycan rəqəmsal transformasiya sahəsində regionun bəzi ölkələrindən geri qalır. Xüsusilə Gürcüstan və Ermənistanın son illərdə informasiya texnologiyalarına və innovasiya ekosisteminin inkişafına daha çox investisiya cəlb etdiyi qeyd olunur. Bu səbəbdən onların uğurlu təcrübəsinin öyrənilməsi, beynəlxalq texnologiyaların ölkəyə gətirilməsi və yerli innovasiya mühitinin gücləndirilməsi Azərbaycanın rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, regionda lider mövqeyə yüksəlmək üçün dövlət dəstəyi, özəl sektorun investisiyaları və ixtisaslı insan kapitalının inkişafı əsas prioritetlərdən biri olmalıdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər