Bakıda Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüzdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişafını qeyd etdik.
ABŞ nümayəndə heyəti ilə ticarət və investisiya-ların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Həmçinin Orta Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolunu vurğuladıq.
Görüşdə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığımızın əsas institusional platformalarından biri olduğunu vurğuladıq, birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.