Bakı 10 ən yaxşı turistik məkanlar siyahısında yer alıb
Ərəb dilli "Waradana" portalı dünyada məhdud büdcə ilə səyahət etmək istəyənlər üçün ən yaxşı 10 sərfəli və cəlbedici turizm istiqamətinin siyahısını tərtib edib.
Operativ Media xəbər verir ki, bu siyahıda Azərbaycan da öz yerini alıb.
Nəşrin hazırladığı materialda bildirilir ki, Azərbaycan müasir şəhər infrastrukturu, zəngin tarixi məkanları və füsunkar dağ mənzərələrini özündə uğurla birləşdirən fərqli bir turizm təcrübəsi təqdim edir.
Məqalədə xüsusilə vurğulanır ki, paytaxt Bakı ölkəni kəşf etmək istəyən səyahətçilər üçün ən ideal başlanğıc nöqtəsidir. Qeyd olunub ki, şəhərin qədim tarixi ruhunu yaşadan İçərişəhər, Xəzər dənizi boyunca uzanan dənizkənarı bulvar və bir sıra müasir memarlıq abidələri paytaxtın əsas vizit kartları sırasındadır.
Bununla yanaşı, materialda ölkəmizə səfər edən təbiətsevərlər üçün Qəbələ kimi dağlıq və meşəlik ərazilərin əvəzsiz məkan olduğu, açıq havada istirahət və müxtəlif fəaliyyətlər üçün böyük imkanlar yaradıldığı diqqətə çatdırılır.
Nəşr əlavə edib ki, Azərbaycanda hər cür büdcəyə uyğun gecələmə variantları (hotellər, qonaq evləri) və yerli mətbəx təklif edən restoranlar mövcuddur ki, bu da turistlərə səyahət xərclərini optimal şəkildə idarə etməyə şərait yaradır.
Qeyd edək ki, "Waradana"nın tərtib etdiyi ilk 10-luqda Azərbaycanla yanaşı Vyetnam, Kamboca, Tailand, İndoneziya, Gürcüstan, Türkiyə, Albaniya, Misir və Mərakeş kimi ölkələr də yer alıb.