Deputat: "İlham Əliyevin ŞƏT Zirvə görüşündə iştirakı yeni sərmayələr üçün imkandır"
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünyanın aparıcı qurumlarından biridir. Hazırda təşkilatda 10 ölkə üzv, 2 ölkə müşahidəçi, 14 ölkə isə dialoq tərəfdaşı kimi təmsil olunur."
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O vurğulayıb ki, ŞƏT kifayət qədər böyük coğrafiyanı əhatə edir:
"Bu gün dənizə çıxışı olmayan və ya quru ilə əhatələnmiş dünya iqtisadiyyatının təxminən 24 faizi ŞƏT-ə üzv olan dövlətlərin payına düşür. Bu da eyni zamanda 25 trilyon dollarlıq ÜDM deməkdir. Azərbaycanın ŞƏT ilə tərəfdaşlığı 25 trilyon dollarlıq iqtisadi potensiala malik bir qurumla əməkdaşlıq kimi xarakterizə olunur. Eyni zamanda Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük 4 tərəfdaşından 3-ü bu təşkilatda təmsil olunur - 2-si üzv, 1-i isə dialoq tərəfdaşı kimi. Bu da Azərbaycanın ŞƏT-ə üzv olan ölkələrlə dərin ticari və iqtisadi əlaqələrə malik olmasından xəbər verir".
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-in Zirvə görüşündə iştirakı ölkəmizin bu təşkilatın üzvləri ilə iqtisadi əlaqələrini daha da gücləndirəcək:
"Dövlət başçısının tədbirdə iştirakı üzv ölkələrlə münasibətlərə birbaşa müsbət təsir göstərəcək. Bu yeni sərmayələrin cəlb edilməsi və xüsusilə ticarət dövriyyəsinin artırılması baxımından mühüm imkandır. Sözsüz ki, Azərbaycan ŞƏT ölkələri ilə yanaşı, Qərb dövlətləri ilə də əlaqələrin inkişafına xüsusi önəm verir. Xüsusilə də ABŞ ilə tərəfdaşlığın dərinləşməsi müşahidə olunur ki, bu da Azərbaycanın çoxvektorlu xarici siyasətinin göstəricisidir".
dəqiqələr içində saytın olsun.