İlham Əliyevin Bişkek səfəri: Zirvə toplantısından gözləntilər və strateji hədəflər - TƏHLİL
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin və çoxşaxəli beynəlxalq əməkdaşlıq kursunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük regional əməkdaşlıq platformalarından biridir:
"Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilir. Azərbaycan bu beynəlxalq platformada dialoq tərəfdaşı statusunda iştirak edir. Prezident İlham Əliyevin sammitə qatılması isə ölkəmizin ŞƏT məkanında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.
Şanxay Əməkdaşlıq Təşkilatı hazırda 10 üzv ölkəni birləşdirən və dünyanın ən böyük regional əməkdaşlıq platformalarından biridir. Təşkilata üzv dövlətlərin ümumi əhalisi dünya əhalisinin təxminən 40 faizindən çoxunu, ərazisi dünya quru ərazisinin dörddə birinə yaxın hissəsini, iqtisadi potensialı isə qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsini təşkil edir. Bu göstəricilər ŞƏT-in yalnız siyasi deyil, həm də böyük iqtisadi və geoiqtisadi potensiala malik platforma olduğunu göstərir.
Azərbaycan üçün ŞƏT məkanında əməkdaşlığın xüsusilə nəqliyyat, logistika, enerji, ticarət, investisiya, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələrdə mühüm perspektivləri var.
Bu gün dünyada baş verən geosiyasi proseslər fonunda alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına tələbat artır. Azərbaycanın coğrafi mövqeyi isə ölkəmizə bu prosesdə mühüm rol oynamaq imkanı verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və formalaşdırılan beynəlxalq dəhlizlər Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Xüsusilə Çindən Avropaya qədər uzanan Orta Dəhlizin imkanları burada xüsusi qeyd olunmalıdır. Azərbaycan Orta Dəhlizin mühüm həlqələrindən biridir. ŞƏT ölkələri arasında ticarət dövriyyəsinin və yükdaşımaların genişləndirilməsi baxımından bu marşrutun imkanlarından daha səmərəli istifadə etmək mümkündür. Azərbaycanın ŞƏT platformasında iştirakı həm tranzit daşımaların artırılması, həm də ölkəmizin logistika imkanlarının yeni bazarlara təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Enerji sahəsində də Azərbaycanın mühüm imkanları var. ŞƏT məkanında həm böyük enerji ixracatçıları, həm də enerji idxal edən nəhəng iqtisadiyyatlar yerləşir. Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər enerji infrastrukturu layihələri ölkəmizi Şərqlə Qərb arasında mühüm enerji tərəfdaşına çevirib. Bu baxımdan Azərbaycan öz enerji resurslarının yeni bazarlara çıxarılması ilə yanaşı, enerji təhlükəsizliyi məsələlərinin müzakirəsində də mühüm tərəfdaş kimi çıxış edə bilər.
Digər mühüm məqam isə ŞƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə Azərbaycanın ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Belə bir platformada iştirak həmin münasibətlərin daha da inkişaf etdirilməsi, yeni iqtisadi layihələrin müzakirəsi və qarşılıqlı investisiyaların artırılması üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin Bişkek səfərinin regional sülh və təhlükəsizlik baxımından da əhəmiyyəti var. Ermənistanın Baş naziri Nikol Paşinyanın da tədbirdə dialoq tərəfdaşı qismində iştirakı Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi üçün əlavə diplomatik imkan yaradır.
Bu baxımdan sülh gündəliyinin inkişaf etdirilməsi, regionda kommunikasiyaların açılması, TRIPP layihəsinin reallaşdırılması, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər diqqət mərkəzində ola bilər.
Bütövlükdə, Azərbaycanın ŞƏT-də iştirakı yalnız təşkilatın fəaliyyətinə qatılmaq deyil, həm də ölkəmizin malik olduğu geostrateji üstünlükləri yeni əməkdaşlıq imkanlarına çevirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan üçün ŞƏT böyük bazarlara çıxış, tranzit imkanlarının genişləndirilməsi, enerji və investisiya əməkdaşlığının dərinləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Eyni zamanda Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, enerji layihələri və Şərqlə Qərb arasında yerləşməsi ŞƏT ölkələri üçün də ölkəmizi mühüm tərəfdaşa çevirir.
Ona görə də Prezident İlham Əliyevin Bişkekdə keçirilən ŞƏT sammitində iştirakı Azərbaycanın həm regional, həm də qlobal miqyasda iqtisadi və siyasi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan səfər kimi qiymətləndirilə bilər".
dəqiqələr içində saytın olsun.