Şəki-Zaqatala regionunda Amerika ağ kəpənəyinə qarşı fitosanitar monitorinqlər aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Növbəti monitorinq çərçivəsində region üzrə 400-dən artıq nöqtədə fitosanitar müşahidələr aparılıb. Zaqatala rayonunun Muğanlı, Danaçı, Maqov və Mosul, Balakən rayonunun Püştətala, İtitala, Çorçorbinə, Beretbinə, Talalar, Katex və Kortala kəndlərində, Qax rayonunun bir sıra ərazilərində, həmçinin Şəki rayonunun Köndələn kənd yolu, Babaratma və Qudula ərazilərində Amerika ağ kəpənəyinin yayıldığı müəyyən edilib. Aşkar edilmiş ilkin ocaqlarda zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə dərhal müvafiq mübarizə tədbirlərinə başlanılıb.
Əhalinin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirilib. Sakinlərə Amerika ağ kəpənəyinin xarici görünüşü, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı və meşə bitkilərinə vura biləcəyi zərər, eləcə də mübarizə tədbirləri barədə məlumat verilib. Həmçinin zərərvericinin mexaniki üsulla toplanaraq məhv edilməsi və yaşayış sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib. Zərərvericiyə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Kimyəvi mübarizə tədbirləri zamanı pestisidlərin düzgün seçilməsi və tətbiq qaydalarına əməl olunması tövsiyə olunub.
Zərərvericinin yayılma vəziyyətinin qiymətləndirilməsi, yeni ocaqların vaxtında müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar monitorinqlər və maarifləndirmə tədbirləri davam etdiriləcək.
dəqiqələr içində saytın olsun.