Menyu

İlham Məmmədov: Regionlarda həkim çatışmazlığının aradan qaldırılması prioritet məsələdir

Ayşən Sadıxzadə
İlham Məmmədov: Regionlarda həkim çatışmazlığının aradan qaldırılması prioritet məsələdir

Bildiyimiz kimi, Azərbaycan səhiyyəsi, səhiyyə sahəsi Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman yüksək səviyyədə dəstəklənib. İnsan sağlamlığının qorunması Ulu Öndərin müstəqil dövlətin ən vacib siyasət istiqamətlərindən biri kimi müəyyən etdiyi sahələrdən olub və bununla bağlı mühüm addımlar atılıb.

Bu sözləri Operativ Media-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

O bildirib ki, maddi imkanlarımızın məhdud olduğu bir dövrdə belə, ən müasir xəstəxanaların tikilməsi və tibbi avadanlıqlarla təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi. Bu siyasət bu gün də möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial siyasətini, o cümlədən insan sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır:

“Son illərdə 700-dən çox tibb müəssisəsi ya təmir olunub, ya da yenidən tikilib. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması da əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb.

Bu gün insan sağlamlığının keşiyində dayanan həkimlərin əməyinin və peşəkarlığının düzgün qiymətləndirilməsi cəmiyyət qarşısında duran vacib məsələlərdən biridir. Peşəkar həkimin yetişməsi üçün yalnız üç-beş il deyil, uzun illər tələb olunur. Xüsusilə bu gün peşəkar həkimlər regionların inkişafı baxımından ən vacib amillərdən biridir.

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri aparılır, insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Həmin insanların sağlamlığının keşiyində dayanmaq da bugünkü siyasətimizin vacib istiqamətlərindən biridir.

Məhz buna görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həkimlərin əməyinin və peşəkarlığının qiymətləndirilməsi, onların maddi rifahının yaxşılaşdırılması istiqamətində təşəbbüs irəli sürülüb. Bu təşəbbüs möhtərəm cənab Prezidentimiz tərəfindən yüksək qiymətləndirilib və həkimlərin peşəkarlığının qiymətləndirilməsi, regionlarda həkim çatışmazlığının aradan qaldırılması və maddi stimulun təmin olunması məqsədilə əməkhaqlarının artırılması ilə bağlı tapşırıq verilib.

Bu məsələ TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən də bu gün keçirilən mətbuat konfransında elan olundu. Azərbaycan səhiyyəsində islahatların yeni mərhələsini həyata keçirən TƏBİB-in yeni rəhbərliyi həkimlərin peşəkarlığının qiymətləndirilməsi, onların regionlarda çalışması üçün infrastruktur və maddi təminatın yaxşılaşdırılması, eləcə də həkim çatışmazlığının aradan qaldırılması istiqamətində atılan bu addımı yüksək qiymətləndirib.

Bu proses TƏBİB-in islahatlar planında qarşıda duran əsas vəzifələrdən biridir və onun uğurla həyata keçirilməsi üçün TƏBİB rəhbərliyinin səylərini davam etdirəcəyi bildirilib.

Xüsusilə qeyd etmək lazımdır ki, həkimlərin əməyinin qiymətləndirilməsi vahid tarif üzrə deyil, peşəkarlıq, ixtisas və işin ağırlığı kimi meyarlar nəzərə alınmaqla həyata keçiriləcək. Həmçinin kiçik və orta tibb işçilərinin, eləcə də həkim heyətinin əməyinin müxtəlif kateqoriyalar üzrə fərqli əmsallarla qiymətləndirilməsi nəzərdə tutulur.

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması ən vacib məsələlərdən biridir. Həkimlərin regionlarda daha həvəslə çalışması üçün lazımi şərait yaradılmalı, xüsusilə dar ixtisaslı mütəxəssislərin regionlara cəlb olunması, ilkin səhiyyə xidmətinin gücləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində işlər davam etdirilməlidir.

Bu gün ölkəmizin bütün bölgələrində geniş quruculuq və inkişaf prosesi gedir. Müxtəlif hadisələr, o cümlədən təbii fəlakətlər və texnogen qəzalar baş verə bilər. Belə hallarda insanların yanında olan və onların ilk növbədə ehtiyac duyduğu əsas peşə sahiblərindən biri məhz həkimlərdir.

Mən bir millət vəkili kimi, həm də həkim olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Elə bu günlərdə yüzlərlə seçicim mənə zəng edərək möhtərəm cənab Prezidentə təşəkkürlərini çatdırmağımı xahiş edirlər. Mən də fürsətdən istifadə edərək bunu sizin mətbuat vasitənizlə çatdırıram.

Bu gün uğurla fəaliyyət göstərən TƏBİB-in yeni rəhbərliyinə ölkə səhiyyəsinin inkişafı istiqamətində həyata keçirdiyi islahatlarda və atdığı addımlarda yeni uğurlar arzulayıram.

Əlbəttə ki, bu qərar ilk növbədə regionlarda yaşayan insanların səhiyyə xidmətlərinə daha rahat və əlçatan çıxışının təmin olunması baxımından mühüm addımlardan biridir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər