Goranboyda təxliyə edilən sakinlərin evlərinə mərhələli şəkildə qayıtmaları təmin ediləcək
Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış hadisəsi ilə əlaqədar rayon icra hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.
Operativ Media-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.
İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumlarının əməkdaşları operativ şəkildə hadisə yerinə gəlib, vəziyyət dərhal nəzarətə götürülüb.
Diqqətə çatdırılıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritet olub və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.
İclasda bildirilib ki, baş vermiş hadisə nəticəsində insan itkisi və xəsarət alan olmayıb.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
dəqiqələr içində saytın olsun.