ABŞ-Səudiyyə sazişinin nüvə proqramı ilə bağlı detalları açıqlanıb
ABŞ və Səudiyyə Ərəbistanı arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair saziş uranın 20%-dək zənginləşdirilməsi imkanını nəzərdə tutur.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Konqresinə baxılması üçün göndərilmiş sənədin mətninə istinadən məlumat yayıb.
Saziş Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsinə avtomatik icazə vermir. Lakin sənəddə bir neçə mərhələ nəzərdə tutulub ki, onların həyata keçirilməsi nəticəsində bir neçə il ərzində zənginləşdirmə obyektinin fəaliyyətə başlaması mümkün ola bilər.
Sənədin şərtlərinə əsasən, ilk iki il ərzində ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri uranın zənginləşdirilməsinin "iqtisadi məqsədəuyğunluğunu" araşdıracaq və nüvə silahlarının yayılması risklərinə qarşı mühafizə tədbirlərini müəyyənləşdirəcəklər.
Tərəflər uranın zənginləşdirilməsinin zəruri olduğu qənaətinə gələrsə, ABŞ şirkətləri xarici təchizatçıları ilə əməkdaşlıq çərçivəsində uranın 5%-dək zənginləşdirilməsinə imkan verən obyekt inşa edəcəklər. Qəzetin yazdığına görə, sonrakı mərhələdə bu göstərici 20%-ə yaxınlaşdırıla bilər.
Nəşr vurğulayır ki, sazişin mətnində Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması və İbrahim sazişlərinə qoşulması ilə bağlı hər hansı tələb yer almır.
dəqiqələr içində saytın olsun.