Menyu

ABŞ və Avropadan ekspertlər Bakıya gəlir – Süni İntellekt Zirvəsində nələr gözlənilir? - MÜSAHİBƏ

Operativ Media
ABŞ və Avropadan ekspertlər Bakıya gəlir – Süni İntellekt Zirvəsində nələr gözlənilir? - MÜSAHİBƏ

“Uzadılmış İndi” konsepti ilə keçiriləcək Süni İntellekt Zirvəsi iştirakçılara süni intellekti yalnız dinləmək deyil, real vaxtda sınamaq, tətbiq etmək və yeni əlaqələr qurmaq imkanı təqdim edəcək.

Operativ Media xəbər verir ki, süni intellekt artıq yalnız gələcəyin texnologiyası deyil, bu gün biznesin, idarəetmənin, təhsilin və müxtəlif peşələrin gündəlik reallığına çevrilir. Məhz bu yanaşmadan çıxış edən Süni İntellekt Zirvəsi bu il daha geniş və interaktiv formatda keçiriləcək.

Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik:

“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay 

- "Uzadılmış indi" konsepti haradan yarandı? Bu ifadə zirvə üçün konkret olaraq nəyi ifadə edir?

- Bu konsepsiya bir müşahidədən doğuldu: süni intellekt sahəsində "gələcək" artıq uzaq bir xəyal deyil - o, artıq bu günün içindədir, sadəcə hələ hamı tərəfindən görünmür. Biz "gələcəyi proqnozlaşdıran" tədbir olmaq istəmədik, çünki bu, insanları passiv izləyiciyə çevirir. Əvəzində "uzadılmış indi" ideyasını seçdik - yəni bu gün artıq mövcud olan, lakin hələ tam mənimsənilməmiş texnologiya, alət və imkanları daha dərindən, daha uzun müddət ərzində yaşamaq və sınamaq fürsəti. Praktik mənada bu, zirvənin formatına birbaşa təsir etdi. Sadəcə səhnədən danışılan məruzələr yox, iştirakçıların əl ilə toxuna biləcəyi, sınaya biləcəyi, indi mövcud olan AI alətləri ilə real vaxtda işləyə biləcəyi mühit yaratmaq qərarına gəldik.

- 4 zonanın (Əsas Səhnə, Masterclasslar, AI Playground, Şəbəkələşmə) hər biri necə düşünülüb? Onları ayrı-ayrı zonalar kimi təşkil etmək qərarının arxasında hansı məntiq dayanır?

 - Hər zona fərqli bir öyrənmə və şəbəkələşmə imkanına xidmət edir, çünki hesab edirik ki, bir tədbirdə hamı eyni formatdan faydalanmır. Dörd zonanın hər biri iştirakçıya fərqli öyrənmə və ünsiyyət təcrübəsi təqdim edir. Əsas Səhnə böyük mənzərəni, ilhamverici və istiqamətverici fikirləri çatdırır, Masterclasslar konkret bacarıqların dərin və praktiki şəkildə öyrənilməsinə fokuslanır. AI Playground nəzəriyyəni praktikaya çevirərək iştirakçıların alətləri sınaqdan keçirməsinə və aktiv şəkildə öyrənməsinə imkan yaradır. Şəbəkələşmə isə texnologiyanın insan tərəfini önə çıxararaq sərbəst ünsiyyət və dəyərli əlaqələrin qurulması üçün mühit yaradır. Bu zonaların ayrılmasında əsas məqsəd fərqli öyrənmə və ünsiyyət tərzlərinə uyğun seçim və çeviklik təmin etməkdir.

- Təşkilatçı komanda olaraq bu zirvəyə gələn iştirakçılara necə bir atmosfer və tədbir təcrübəsi yaşatmağı hədəfləmisiniz?

- Hədəfimiz iki əks görünən şeyi bir araya gətirməkdir: yüksək texniki keyfiyyət və insani, yaxın atmosfer. Texnologiya zirvələri çox vaxt ya çox soyuq və korporativ, ya da çox səthi və "hype"-yönümlü olur. Biz bunun ortasını tapmağa çalışdıq — məzmunlu, praktik məlumat, amma rahat, açıq və əlçatan formada. Texniki tərəfdən məqsədimiz odur ki, iştirakçı zirvədən çıxanda sadəcə "eşitdiyi" deyil, "əli ilə sınadığı" bir şeylə getsin. Ona görə də AI Playground kimi zonalara xüsusi diqqət ayırdıq — çünki əsl anlayış fikrimizcə təcrübədən keçir. Ümumi atmosfer baxımından isə istəyirik ki, insanlar özlərini "izləyici" yox, prosesin bir hissəsi kimi hiss etsinlər.

“Human Development Center”-in təsisçisi Toğrul Ələkbər 

- Ötən ilki Zirvədən bu ilki formata keçid qərarını nə şərtləndirdi? Bu il bizi hansı yeniliklər gözləyir?

- Şablon səslənsə də, məncə zəmanə dəyişib və bizim auditoriya yenilik istəyir. Özümüz də getdiymiz tədbirlərdə bunu hiss edirik ki, nəysə çatmır, nəysə yeni rəng ehtiyacı var. Bu o demək deyil ki, klassik yanaşma (panel müzakirəsi, keynote spiker və ya təqdimat) lazım deyil. Bəzi yerlərdə lazımdır, lakin auditoriya bu gün prossesdə daha aktiv olmaq istəyir. Bu il fərqli yanaşdıq məsələyə və sual "nə danışacağıq" yox, "iştirakçı nə edəcək" oldu. Format artıq bir festival formatıdır və iştirakçı dinləyici deyil, oyunçudur. Zirvə 3 paralel zonaya bölünüb: Əsas səhnə, vörkşop sahəsi və AI Playground (süni zəka oyun zonası) və hər kəs öz marşrutunu özü qurur. Bütün prosesi bir yerə birləşdirən isə Gamification sistemidir. İştirakçıların gün ərzində bir passportu olacaq və qoşulduqları fəaliyyətlərə görə xal qazanacaqlar. Günün sonu isə ən çox xal qazanmış şəxslər qalib olub dəyərli hədiyyələr əldə edəcəklər. Nəticədə fərq çox sadədir: keçən il insanlar süni zəka haqqında dinləyirdi, bu il isə onunla ilə işləyir, tətbiq edir və yaradır.

- Zirvə bitdikdən sonra iştirakçının Zirvədən hansı təəssürat, bilik və dəyərlə ayrılmasını arzulayırsınız?

- Bu üçünü ayrı-ayrı düşünmürük, çünki onlar günün eyni strukturunda bir-birinə bağlıdır. Təəssürat tərəfini deyərdim ki, Main Stage verir. Bilik tərəfi Workshop Tracks-də formalaşır. Burada nəzəriyyəyə cəmi 15% vaxt ayrılır, qalan hissə hands-on formatdır, iştirakçı öz laptopu ilə işləyir, hətta 15-ci dəqiqədə ilk "uğur anını" yaşayır. Dəyər isə iki formada geri qayıdır: birincisi, əlində konkret nəticə olur, yəni özünün qurduğu bir alət və ya həll. İkincisi, connection hub-da təsadüfi yox, hədəflənmiş şəbəkələşmə imkanı var, hər iştirakçı ən azı 3 məqsədli kontaktla ayrılır, üstəlik 24 saat ərzində bu kontaktların siyahısı e-mailinə gəlir. Yəni insan zaldan təəssüratla, əlində real artefaktla və telefonunda yeni əlaqələrlə çıxır.

Zirvə proqramındakı mövzular və sessiyalar iştirakçıların karyerasına və peşəkar inkişafına birbaşa necə təsir göstərəcək?

- Proqramı təsadüfi sessiyalar toplusu kimi qurmamışıq, hər zona fərqli bir inkişaf qatına xidmət edir. Zirvənin əsas fərqi odur ki, iştirakçı yalnız AI haqqında məlumat əldə etmir, onu öz peşə fəaliyyətində tətbiq edir. Workshop-lar Business, Marketing, HR & L&D, Education, Programming & No-Code, Government & Healthcare kimi istiqamətlərə bölünüb. İştirakçı öz sahəsinə uyğun sessiya seçərək real tapşırıq üzərində işləyir və sonda prompt kitabxanası, bot, template və ya workflow kimi hazır praktik nəticə ilə çıxır. Bundan əlavə, AI Playground və AI Clinic iştirakçıya öz real problemini gətirib AI vasitəsilə həll etmək imkanı verir. Hack Challenge isə komanda işi, problem həlli və təqdimat bacarıqlarını inkişaf etdirir. Karyera baxımından digər mühüm komponent Connection Hub-dır. AI Matching, Speed Networking və Speed Mentoring vasitəsilə iştirakçının təsadüfi deyil, məqsədli əlaqələr qurması nəzərdə tutulur. Konsepsiyanın KPI-larından biri də hər iştirakçının ən azı 3 məqsədli kontaktla ayrılmasıdır.

- Bu zirvənin konsepti auditoriyaya süni intellektlə bağlı hansı yeni baxış bucağını qazandırmağı vəd edir?

- Bu yeni baxış 3 istiqamətdə formalaşır: 1. “AI haqqında öyrənmək” - “AI ilə işləmək” İştirakçı sadəcə dinləmir; AI ilə real problem həll edir, alətləri sınayır və hazır nəticə yaradır. 2. “AI yalnız texniki insanlar üçündür” - “AI hər peşədə istifadə oluna bilər” Business, Marketing, HR, Education, Programming, Government və Healthcare kimi müxtəlif sahələr üçün ayrıca praktik istiqamətlər nəzərdə tutulub. 3. “AI gələcəklə bağlı uzaq mövzudur” - “AI bu gün işimi necə dəyişə bilər?” AI Clinic, Prompt Clinic, Workshop və Challenge-lar iştirakçıya öz real iş problemini AI vasitəsilə həll etməyə imkan verir.

“Handex” şirkətinin təsisçisi Rəşad Qurbanov 

- Tədbirin formatı kimi çıxışçılar da bizi təəccübləndirəcəkmi? Spikerlər hansı meyarlara əsaslanaraq dəvət olunacaqlar?

- Bəli, bu il çıxışçıların seçiminə xüsusi diqqət yetiririk. Məqsədimiz sadəcə tanınmış adları bir araya gətirmək deyil, süni intellekt sahəsində real təcrübəsi olan və auditoriyaya praktik dəyər verə biləcək mütəxəssisləri Zirvəyə dəvət etməkdir. Əsas meyarlarımız spikerin AI sahəsində praktiki fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq təcrübəsi və ən əsası, bu təcrübəni auditoriyaya real nümunələrlə ötürə bilməsidir. Bu il yerli ekspertlərlə yanaşı, ABŞ və Avropadan beynəlxalq mütəxəssislərin də iştirakını planlaşdırırıq. Xüsusilə Microsoft ekosistemində süni intellekt istiqamətində çalışan ekspertləri Azərbaycana dəvət edirik və onlar həm əsas səhnədə çıxışlar, həm də daha praktik formatda masterklasslar keçirəcəklər. Eyni zamanda çalışırıq ki, spiker heyəti yalnız texnologiya mütəxəssislərindən ibarət olmasın; AI-ni biznesdə və müxtəlif sektorlarda real şəkildə tətbiq edən insanların təcrübəsi də səhnədə yer alsın. Buna görə düşünürük ki, bu il iştirakçılarımızı təkcə tədbirin formatı deyil, spikerlərin coğrafiyası, təcrübəsi və təqdim edəcəkləri real tətbiq nümunələri də təəccübləndirəcək.

-  Bu tədbirin Azərbaycanın rəqəmsal ekosistemi üçün konkret hansı praktiki nəticə verməsini gözləyirsiniz?

- Bu Zirvədən gözləntimiz yalnız süni intellekt haqqında müzakirələr aparmaq deyil, Azərbaycanda AI-nin real biznes və iş proseslərinə tətbiqini sürətləndirmək, eyni zamanda beynəlxalq təcrübənin ölkəmizə transferinə şərait yaratmaqdır. Bu məqsədlə ABŞ və Avropadan, o cümlədən Microsoft ekosistemində süni intellekt istiqamətində çalışan mütəxəssis və ekspertləri Azərbaycana dəvət edirik. Onlar Zirvə çərçivəsində spiker kimi çıxış etməklə yanaşı, masterklasslar vasitəsilə öz praktiki təcrübələrini, real tətbiq nümunələrini və beynəlxalq yanaşmaları yerli auditoriya ilə bölüşəcəklər. Düşünürük ki, dövlət qurumlarının, özəl sektorun, texnologiya şirkətlərinin, yerli mütəxəssislərin və beynəlxalq ekspertlərin eyni platformada görüşməsi həm bilik və təcrübə transferinə, həm yeni peşəkar əlaqələrin qurulmasına, həm də konkret əməkdaşlıq və AI layihələrinin yaranmasına təkan verə bilər. Bizim üçün Zirvənin praktiki nəticəsi tədbirdə neçə nəfərin iştirak etməsindən daha çox, tədbirdən sonra yaranan əməkdaşlıqlar, şirkətlərdə tətbiq edilən yeni AI həlləri, yerli mütəxəssislərin qazandığı praktiki biliklər və beynəlxalq təcrübənin Azərbaycan ekosisteminə inteqrasiyası ilə ölçüləcək. Əsas hədəfimiz süni intellektin Azərbaycanda sadəcə danışılan bir trend deyil, real dəyər və məhsuldarlıq yaradan texnologiyaya çevrilməsinə töhfə verməkdir.

-  Zirvə boyunca iştirakçılar data və süni intellekt üzrə praktiki olaraq nəyi kəşf edəcək və öyrənəcəklər?

- Zirvə boyunca əsas məqsədimiz iştirakçıların süni intellekti yalnız nəzəri səviyyədə dinləməsi deyil, onun real iş və biznes proseslərində necə tətbiq olunduğunu görməsi və mümkün olduğu qədər praktiki şəkildə təcrübədən keçirməsidir. Tədbirin əsas səhnəsində və sektoral treklərdə yerli və beynəlxalq ekspertlər süni intellektin müxtəlif sahələrdə yaratdığı imkanları, real tətbiq nümunələrini və mövcud yanaşmaları bölüşəcəklər. Masterklasslarda isə iştirakçılar konkret alətlər və biznes ssenariləri üzərindən daha praktik biliklər əldə edə biləcəklər. Xüsusilə AI Playground zonaları iştirakçılara müxtəlif süni intellekt həllərini canlı şəkildə sınamaq, onların necə işlədiyini görmək və öz fəaliyyət sahələrində hansı problemləri həll edə biləcəyini kəşf etmək imkanı verəcək. ABŞ və Avropadan dəvət etdiyimiz, o cümlədən Microsoft ekosistemində çalışan beynəlxalq ekspertlərin iştirakı isə dünyada tətbiq olunan yanaşmaları və praktiki təcrübələri birbaşa yerli auditoriyaya çatdırmağa imkan yaradacaq. İstəyirik ki, iştirakçı Zirvədən ayrılarkən yalnız “AI haqqında yeni məlumat öyrəndim” deyil, “bu texnologiyanı öz işimdə və ya şirkətimdə harada və necə tətbiq edə biləcəyimi artıq daha yaxşı bilirəm” deyə bilsin.

“Arter” şirkətinin rəhbəri Anar Nəbi

- Zirvənin əsas hədəf auditoriyası kimdir?

- Əslində zirvədə üç-dörd halqa kəsişir, çəki mərkəzi isə biznesdədir — həm yuxarı rəhbərlik (CEO, maliyyə direktoru, əməliyyat direktoru), həm də orta menecment. Çünki data, ERP və Sİ həllərini gündəlik praktikaya köçürən məhz orta menecmentdir — onlar olmadan strategiya kağız üzərində qalır. Paralel olaraq dövlət sektorunun nümayəndələrini mütləq dəvət edirik — ölkənin Sİ Strategiyası və Rəqəmsal İnkişaf Şurası kontekstində dövlət-özəl dialoqu getdikcə önəm qazanır. Gənclər üçün isə bu, sadəcə maraqlı tədbir yox, sabahın bacarıqlarını bu gün görmək və ona hazırlaşmaq imkanıdır.

- Ötən ilki Zirvədən sonra hansı əməkdaşlıqlar oldu? Bizneslər necə yararlana bilər?

- Konkret nəticələr var. Birincisi, Arter yeni məhsulu ilə — bildiyiniz kimi biz artıq Odoo-nun Azərbaycanda Silver Partnyoruyuq— daha geniş auditoriyaya çıxa bildi, bu tanınma baxımından çox dəyərli oldu. İkincisi, iştirakçılar öz aralarında birbaşa B2B əlaqələr qurdu. Ən gözəl göstərici isə budur ki, keçən il tədbirdə olan sponsorlar bu il artıq özləri bizimlə yenidən danışıqlara başlayıb — deməli, formatın effektivliyinə inanıblar. Bizneslər üçün fayda üç qatdır: rəqiblərin harada dayandığını görürlər, real həll təchizatçıları ilə birbaşa danışıq imkanı əldə edirlər, "biz də bunu etməliyik" düşüncəsindən "konkret necə edək" mərhələsinə keçirlər.

Süni İntellekt Zirvəsinin biznes və sponsorluq tərəfini formalaşdırarkən şirkətlərin bu layihəyə marağını necə qiymətləndirirsiniz?

- Deyərdim ki marağın həm əhatəsi, həm də keyfiyyəti dəyişib. Şirkətlər artıq ümumi brend görünürlüyü axtarmaq yerinə, öz sahələrinə və öz həllərinə uyğun olan spesifik tədbirlərlə və ya hər hansı bir bloka sponsor olmaq istəyirlər — yəni "bizim məhsulumuz məhz bu problemi necə həll edir" mövzusunda danışmaq üçün platforma axtarırlar. Bu, həm dünya trendinə uyğundur — Sİ artıq marketinq bəzəyi deyil, bu, şirkətlərin ciddi danışmaq istədiyi real mövzuya çevrilib. Şirkətlər arıq öz əməliyatlarında Sİ alətləri almaq istifadə etmək istəyir. Optimallaşma görmək istəyir. Eyni zamanda bu gün həm də ölkə gündəminə baxasaq: dövlətin Sİ Strategiyası bu sahəni hamının gec-tez məşğul olacağı istiqamət kimi göstərir.

Tədbirdə iştirak və ətraflı məlumat üçün www.aisummit.az saytına daxil ola bilərsiniz.
• Sayt: https://aisummit.az/
• Instagram: https://www.instagram.com/aisummitbaku/
• Facebook: AI Summit Baku
• LinkedIn: linkedin.com/company/aide-summit

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər