İnsan orqanlarının qanunsuz alqı-satqısına görə 9 min manatadək cərimə nəzərdə tutulur
İnsan orqanlarının və toxumalarının, donor orqanların qanunsuz alqı-satqısı, transplantasiya qaydalarının pozulması və şəxsin razılığı olmadan donor orqanının götürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Operativ Media xəbər verir ki, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısını həyata keçirən şəxslər 6 min manatdan 9 min manatadək cərimə edilə və ya iki ilədək müddətə islah işlərinə cəlb oluna bilərlər.
Bu əməllərə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək azadlıqdan məhrumetmə də tətbiq oluna bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanlarının götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi isə 10 min manatdan 15 min manatadək cərimə və ya iki ilədək islah işləri ilə cəzalandırılır. Bu halda şəxsin iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququ məhdudlaşdırıla və ya üç ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər.
Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya şəxsin öz donor orqanının götürülməsinə məcbur edilməsi də cinayət məsuliyyəti yaradır. Belə əməllərə görə iki ilədək islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunla transplantasiya məqsədilə donor orqanının götürülməsi qadağan edilən şəxslərdən orqan götürülməsi də cəzalandırılır. Bu əmələ görə 9 min manatdan 15 min manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək azadlıqdan məhrumetmə tətbiq edilə bilər.
Qanunsuz əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən həyata keçirildikdə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən və ya təqsirkar şəxsdən maddi, xidməti və ya digər cəhətdən asılılığından istifadə edildikdə cəza ağırlaşır.
Belə hallarda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olarsa, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
dəqiqələr içində saytın olsun.