Menyu

Polikistik Over Sindromu: Əsas əlamətləri və müalicə yolları - Həkim danışır

Operativ Media
Polikistik Over Sindromu: Əsas əlamətləri və müalicə yolları - Həkim danışır

Uzun illər Polikistik Over Sindromu (PKOS/PCOS) kimi tanıdığımız vəziyyətin adı 2026-cı ilin may ayında beynəlxalq konsensus nəticəsində dəyişdirilib. Yeni termin Polyendocrine Metabolic Ovarian Syndrome - PMOS-dur. Beynəlxalq klinik tövsiyələrdə də yeni termin artıq tətbiq olunur.

Bu sözləri Operativ Media-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, bu dəyişiklik sadəcə ad dəyişikliyi deyil. “Polikistik over” ifadəsi uzun illər xəstəliyin əsasən yumurtalıqlarda olan kistalarla bağlı olduğu təsəvvürünü yaradıb:

“Halbuki söhbət həqiqi yumurtalıq kistalarından getmir və bu vəziyyət yalnız yumurtalıqlarla məhdudlaşmır. PMOS reproduktiv sistemlə yanaşı hormonal və metabolik sağlamlığa da təsir edə bilən kompleks bir vəziyyətdir. Yeni ad məhz bunu daha düzgün əks etdirir.

PMOS-un ən çox rast gəlinən əlamətləri menstrual siklin pozulması və ya seyrək menstruasiya, tüklənmənin artması, akne və saçların seyrəlməsidir. Bəzi qadınlarda artıq çəki və çəki azaltmaqda çətinlik də müşahidə oluna bilər. Lakin vacib məqam budur ki, hər qadında bütün bu əlamətlər olmur və normal bədən çəkisi PMOS-u istisna etmir.

PMOS zamanı insulinrezistentlik və metabolik pozğunluqlar tez-tez rast gəlinə bilər. Ancaq insulinrezistentlik diaqnozun qoyulması üçün mütləq şərt deyil. Buna görə PMOS-u yalnız artıq çəki və ya insulin göstəriciləri ilə əlaqələndirmək düzgün yanaşma deyil. Müasir beynəlxalq tövsiyələr də bu vəziyyətin reproduktiv əlamətlərlə yanaşı metabolik, ürək-damar və psixoloji aspektlərinin nəzərə alınmasını vurğulayır.

Çəki nəzarəti PMOS-un idarə olunmasının vacib hissələrindən biridir, lakin məqsəd hər qadını mütləq arıqlatmaq deyil. Artıq çəkisi olan qadınlarda çəkinin idarə olunması metabolik sağlamlığın yaxşılaşmasına kömək edə bilər. Normal çəkisi olan qadınlarda isə əsas məqsəd sağlam həyat tərzini qorumaq və gələcəkdə artıq çəki artımının qarşısını almaqdır. Üstəlik, sağlam qidalanma və fiziki aktivliyin faydaları çəki azalmasa belə mövcuddur.

“Təbii müalicə” anlayışına isə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və çəkinin düzgün idarə olunması PMOS müalicəsinin əsas hissəsidir. Bunun üçün xüsusi bir “PMOS pəhrizi” mövcud deyil; əsas məsələ insanın uzun müddət davam etdirə biləcəyi sağlam qidalanma və həyat tərzi formalaşdırmaqdır.

Eyni zamanda müxtəlif bitki preparatları, çaylar və qida əlavələrini PMOS-un “təbii müalicəsi” kimi təqdim etmək düzgün deyil. Bəzi əlavələr, məsələn inozitol, araşdırılsa da, mövcud elmi məlumatlar onların effektivliyi ilə bağlı hələ də məhduddur və onları bütün qadınlar üçün universal müalicə hesab etmək olmaz.

PMOS-un müalicəsi hər qadında eyni olmamalıdır. Yanaşma menstrual siklin vəziyyətinə, androgenlərlə əlaqəli əlamətlərə, metabolik risklərə və qadının hamiləlik planının olub-olmamasına görə fərdiləşdirilir. Bəzi hallarda həyat tərzi dəyişiklikləri kifayət edə bilər, digər hallarda isə dərman müalicəsinə ehtiyac yaranır.

Əsas məqsəd yalnız menstrual sikli və ya analiz göstəricilərini normallaşdırmaq deyil, qadının uzunmüddətli reproduktiv, metabolik və ümumi sağlamlığını qorumaqdır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər