Hansı xəstəliklər heç bir əlamət vermədən inkişaf edə bilər? - Həkim danışır
Tibbin inkişaf etməsinə baxmayaraq, bir çox xəstəliklər uzun müddət simptomsuz gedir. Məhz bu səbəbdən pasiyentlər bəzən həkimə gec müraciət edir və nəticədə “səssiz qatil” adlandırılan xəstəliklərlə qarşı-qarşıya qalırlar. Bu problem təkcə ölkəmizdə deyil, bir çox ölkələrdə müşahidə olunur.
Bu sözləri Operativ Media-ya terapevt Sübhan Hacıyev deyib.

O bildirib ki, bəzən xəstəliklərin müəyyən xırda simptomları olur, lakin insanlar onları əhəmiyyətsiz hesab edərək nəzərə almırlar:
“İlk növbədə ürək-damar xəstəliklərini qeyd etmək olar. Bunlardan biri arterial hipertoniyadır, yəni yüksək qan təzyiqidir.
Damar elastikliyi zamanla yüksək təzyiqə müəyyən qədər adaptasiya olunur. Nəticədə təzyiq çox yüksək həddə çatmadıqda baş ağrısı, başgicəllənmə, yuxululuq, qusma və beyin qan dövranının pozulması kimi əlamətlər meydana çıxmaya bilər. Buna görə də pasiyentlər uzun müddət yüksək təzyiqdən əziyyət çəkdiklərindən xəbərsiz olurlar. Hətta bəzən xəstəlik yalnız təsadüfi ölçmələr zamanı aşkarlanır.
Arterial hipertoniyanın daha ciddi fəsadları isə miokard infarktı və beyin insultu ola bilər. İnsult beyində qanaxma, yəni hemorragik insult, yaxud damarların trombla tutulması nəticəsində yaranan işemik insult şəklində meydana çıxa bilər.
Bundan əlavə, bir çox maddələr mübadiləsi xəstəlikləri, məsələn, günümüzdə geniş yayılmış şəkərli diabetin həm birinci, həm də ikinci tipi uzun müddət səssiz və simptomsuz gedə bilər. Xəstəlik ağırlaşdığı zaman, mövcud digər xəstəlikləri ağırlaşdırdıqda, hətta bəzən prekomatoz hallarda pasiyentlərin qarşısına çıxa bilər. Belə hallarda insanlar şəkərli diabetdən əziyyət çəkdiklərindən belə xəbərsiz olurlar.
Qaraciyər xəstəlikləri, xüsusilə hepatit B və hepatit C kimi virus mənşəli xəstəliklər də ciddi və həyati təhlükəli ola bilər. Lakin bu xəstəliklər ilk altı ayda, bəzən isə bir il ərzində tamamilə səssiz gedə bilər. Bunun əsas səbəblərindən biri qaraciyərin ağrıya həssas sinir uclarının olmamasıdır. Qarın boşluğunda maye, yəni assit toplandıqda, qaraciyər böyüdükdə və ya sarılıq yarandıqda xəstəlik artıq gec mərhələdə aşkarlana bilər.
Eyni zamanda qaraciyər yağlanması da diqqətdən kənarda qalmamalıdır. Bu vəziyyət maddələr mübadiləsinin pozulması ilə əlaqəli olaraq ateroskleroz riskini artıra bilər. Ateroskleroz damar divarlarında xolesterin və digər maddələrin toplanması ilə damarların daralması və sərtləşməsi prosesidir. Bu proses ürək və beyin damarlarını əhatə etdikdə, müvafiq olaraq, ürək-damar hadisələri və beyin insultu riskini artıra bilər.
Bundan başqa, maddələr mübadiləsinin genetik və ya sonradan qazanılmış pozuntuları da uzun müddət özünü göstərməyə bilər. Məsələn, osteoporoz, xüsusilə 50 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəlik də uzun müddət səssiz gedir, sümüklərin kövrəkləşməsi ilə nəticələnir və çox vaxt patoloji sınıqlar baş verdikdə aşkarlanır.
Bütün bunlardan qorunmaq üçün, xüsusilə 35-40 yaşdan sonra insanların ildə ən azı bir dəfə check-up müayinələrindən keçməsi tövsiyə olunur. Bu, insanın öz orqanizmini daha yaxşı tanımasına və sağlamlıq vəziyyəti ilə bağlı vaxtında məlumat əldə etməsinə imkan verir.
Tibbi maariflənmə nə qədər erkən və davamlı olarsa, xəstəliklərin gecikmiş mərhələdə aşkarlanmasının və ağırlaşmaların qarşısının alınması da bir o qədər mümkün olar”.
dəqiqələr içində saytın olsun.