Gənclər niyə daha gec ailə qurur? Səbəblər: mənzil, gəlir, karyera və gözləntilər - TƏHLİL
Son illərdə cəmiyyətdə müşahidə olunan əsas sosial tendensiyalardan biri nikah yaşının getdikcə artmasıdır. Əgər əvvəlki nəsillərdə erkən yaşlarda ailə qurmaq adi hal kimi qəbul olunurdusa, müasir gənclər bu addımı atmaqda tələsmirlər.
Bəs bunun arxasında hansı səbəblər dayanır?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Samir Vəliyev Operativ Media-ya bildirib ki, bunu bir sıra səbəblərlə izah etmək mümkündür. Onun sözlərinə görə, mənzil problemi, gəlir səviyyəsi, karyera prioritetləri və ailə həyatı ilə bağlı dəyişən gözləntilər əsas amillərdəndir:

“Əsas səbəblərdən biri mənzil problemidir. Ailə qurmaq istəyən gənclər üçün ən böyük praktiki məsələlərdən biri ayrıca yaşamaq imkanının olmasıdır. Mənzil və kirayə haqlarının yüksək olması faktiki olaraq gəncləri valideynləri ilə birgə yaşamağa, daha uzun müddət mənzil əldə etmək məqsədilə pul toplamağa və nəticədə evlilik qərarını təxirə salmağa sövq edən amillərdən biridir. Xüsusilə böyük şəhərlərdə mənzilə çıxış məsələsi ailə qurmaq qərarının vaxtına birbaşa təsir göstərir.
Bu gün Azərbaycan gəncləri anlayır ki, evlilik təkcə nikah qərarı deyil, eyni zamanda uzunmüddətli məsuliyyətdir. Bu məsuliyyətin mühüm hissəsini maliyyə öhdəlikləri təşkil edir. Gəncin kifayət qədər gəliri və gələcəkdə gəlirinin artacağına dair müəyyənlik hissi yoxdursa, ailə qurmağı təxirə salması mümkündür.
Burada söhbət təkcə gəlirin məbləğindən getmir. İşin sabitliyi, inflyasiya, gündəlik xərclər və borclanma imkanları da bu qərara təsir göstərir.
Əgər əvvəllər evlilik gəncin həyatının daha erkən mərhələsində başlayırdısa, indi bir çox gənclər ali təhsil almağa, peşə qazanmağa və əmək bazarında konkret mövqe tutmağa çalışırlar. Bu da ailənin qurulmasında yaş baxımından müəyyən gecikmələrə səbəb olur.
Eyni zamanda qadınlar üçün karyera ilə ailə həyatının necə balanslaşdırılması mühüm məsələlərdən biridir. Karyera perspektivi və peşəkar inkişaf imkanları onların daha çox karyera qurmağa yönəlməsinə səbəb olur və ailə qurmaq məsələsi müəyyən müddətə arxa plana keçə bilir.
Bugünkü müasir gənclər cəmiyyətdən yalnız sosial status və ailə qurmağı deyil, eyni zamanda şəxsi inkişaf və maddi təhlükəsizlik kimi məsələləri də gözləyirlər. Uyğun tərəfdaş tapmaq və bu gözləntilərin qarşılanması üçün daha uzun müddət tələb olunur.
Bu gün gənc faktiki olaraq belə düşünür: “Əvvəlcə özümü təmin etməliyəm, daha sonra ailə qurmaq haqqında düşünməliyəm. Gələcək karyeramı qurmalıyam, sonra ailə qurmalıyam”.
Nəticə olaraq onu qeyd etmək istərdim ki, “gənclər evlənmək istəmir” fikri onların daha gec ailə qurmasını izah etmək üçün doğru yanaşma deyil. Bu gün yaşadığımız dövrün tələbləri ondan ibarətdir ki, gənclər gələcək karyerasını, təhsilini, sabit gəlir və məşğulluq imkanlarını təmin etdikdən sonra ailə qurmaq haqqında düşünürlər. Nəticədə əvvəlki dövrlərlə müqayisədə ailələr daha gec yaşda qurulur”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Könül Nurullayevanın sözlərinə görə, son illər ailə qurma davranışında nəzərəçarpacaq dəyişiklik baş verir:

"İlk nikaha daxilolmanın orta yaşının yüksəlməsi bu dəyişikliklərin ən aydın göstəricilərindən biridir. 1990-cı illərin əvvəlləri ilə müqayisədə bir çox ölkələrdə gənclər ailə qurmağı əvvəlki nəsillərə nisbətən daha gec yaşa saxlayırlar. Bu tendensiyanın arxasında isə tək bir səbəb deyil, müxtəlif amillər dayanır.
Bu gün müasir gənclərin bəziləri özünü gələcək ailənin məsuliyyətini daşımağa hazır hiss etmir. Həmçinin təhsil müddətinin uzanması və əmək bazarında rəqabətin artması da ailə qurma yaşına təsir göstərən amillərdəndir. Gənclər əvvəlcə ali təhsil almaq, ixtisaslaşmaq, təcrübə toplamaq və əmək bazarında mövqelərini müəyyənləşdirmək istəyirlər. Xüsusilə qadınların təhsil və əmək bazarında iştirakının artması ailə və karyera arasında seçim məsələsini də yeni formada gündəmə gətirir. Bir çox gənc üçün karyera yalnız gəlir mənbəyi deyil, həm də şəxsi inkişaf və müstəqillik vasitəsidir. Buna görə də onlar ailə qurmazdan əvvəl müəyyən peşəkar məqsədlərə çatmaq istəyirlər.
Eyni zamanda mənzil də bu prosesə təsir göstərən amillərdəndir. Yeni ailə qurmaq istəyən gəncin mənzil sahibi olmaq istəyi normaldır. Əslində Azərbaycanda gənc ailələr güzəştli mənzil və ipoteka kreditləri əldə etmək üçün dövlət xətti ilə bir sıra imkanlardan yararlana bilir.
Hesab edirəm ki, möhkəm ailə yalnız erkən qurulan ailə deyil, sosial, iqtisadi və emosional baxımdan hazırlıqlı insanların qurduğu və davam etdirdiyi ailədir".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, dünyanın bir çox ölkələrində də belə bir tendensiya müşahidə olunur:

“Təəssüf ki, bu, ümumdünya probleminə çevrilir. Bu gün bundan daha böyük problem isə gənclərin bir qisminin ümumiyyətlə ailə qurmaq istəməməsidir. Bunun kökündə daha çox mənəvi dəyərlərin deqradasiyası və mənəvi aşınma problemi dayanır. Gənclər daha rahat olmaq, daha komfortlu həyat yaşamaq istəyirlər və düşünürlər ki, ailə quraraq əlavə məsuliyyəti öz üzərlərinə götürməsinlər.
Düşünürəm ki, ailələrin daha gec qurulması gələcəkdə cəmiyyət qarşısında ciddi problemlər yarada bilər.
Ona görə də bu istiqamətdə ciddi iş aparılmasına ehtiyac var. Gənclərin ailə, evlilik və ailə məsuliyyəti ilə bağlı məlumatlandırılması, maarifləndirilməsi və onların ailə qurmağa hazırlığının artırılması istiqamətində davamlı tədbirlər görülməlidir. Əks halda, bu problem zaman keçdikcə daha da dərinləşə bilər”.
Yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirib ki, son illər Azərbaycanda ailə dəyərlərinə müəyyən müdaxilələr və təsirlər müşahidə olunur:

“Gənclər, xüsusilə də müəyyən yaş qrupunda olan insanlar artıq evlilik haqqında əvvəlki kimi düşünmürlər. Ailənin böyük bir yük olduğunu, ailədə müəyyən problemlərin yarandığını və ailənin insanın şəxsi həyatına bir sədd kimi çıxdığını düşünənlər var.
Əslində bu məsələnin özü ciddi şəkildə araşdırılmalı və tədqiq edilməlidir. Azərbaycanda ailə institutunda baş verən problemlərin, onun aşınmasının və cəmiyyətdə dəyişən münasibətlərin elmi və sosioloji baxımdan ciddi araşdırılması ilə məşğul olan qurumların fəaliyyəti daha da gücləndirilməlidir. Çünki bir nəfərin fikri və ya mülahizəsi bu qədər böyük bir məsələnin izahı üçün əsas ola bilməz.
Ailə çox böyük bir təsisatdır. Onun həm tarixi, həm məişət, həm sosial-ictimai, həm də iqtisadi tərəfi var. Bununla yanaşı, elmi, tibbi və psixoloji amillər də ailəyə təsir edir. Bütün bunlar bəzən səssiz şəkildə gəncləri ailə qurmaqdan uzaqlaşdırır.
Gənclər dünyaya uşaq gətirdikdən sonra həmin uşağın böyüdülməsi üçün kifayət qədər böyük maddi və mənəvi resurslara ehtiyac olduğunu düşünürlər. Onlar ailə ilə bağlı bir çox məsələlərdə valideynlərindən, yaxınlarından, cəmiyyətdən və dövlət qurumlarından lazımi dəstəyi ala bilməyəcəklərindən qorxurlar.
İşsizlik də bu məsələdə mühüm amillərdən biridir. Ailənin əsas məsuliyyətinin gənc oğlanların, kişilərin üzərində olması ilə bağlı mental düşüncə də onların üzərində əlavə yük yaradır. Həyat təcrübəsi, iqtisadi çətinliklər, gənc valideynlərin üzləşdiyi problemlər, uşaqların və yeni nəslin sağlam böyüdülməsi ilə bağlı məsələlər də ailə institutuna təsir edən amillərdəndir.
Toy mərasimindən başlayaraq, uşaq dünyaya gətirənə qədər, hətta uşağın ilk illərində belə gənc ailələrin qarşılaşdığı iqtisadi çətinliklər kifayət qədər çoxdur. Toy xərcləri, mənzil problemi, işsizlik və iqtisadi baxımdan dayanıqlı olmamaq gənclərin bir qismini ailə qurmağı gecikdirməyə, digər qismini isə ümumiyyətlə evlilikdən uzaq durmağa vadar edir.
Bir qisim gənclər xaricə gedərək orada yaşamağa başlayır, yaxud karyera qurmaq məqsədilə şəxsi həyatını ikinci plana keçirir. Bizneslə məşğul olan gənclərin sayı da artır. Nəticədə müəyyən yaş həddinə çatdıqdan sonra onlar digər demoqrafik problemlərlə qarşılaşırlar.
Son 30 ildə oğlan uşaqlarının doğum göstəricilərinin nisbətən aşağı olması da gələcəkdə müəyyən problemlər yarada bilər. Bu, gənc oğlanların özlərinə uyğun həyat yoldaşı tapması məsələsində də çətinliklərin yaranmasına səbəb ola bilər. Azərbaycanlı gənclərin xaricə miqrasiyasının artması da bu məsələyə əlavə təsir göstərir.
Biz təklif etmişdik ki, gənc ailələrlə bağlı dövlət tərəfindən xüsusi dəstək paketi hazırlanmalıdır. Gənc ailənin toy mərasimindən başlayaraq uşağın dünyaya gəlməsinə və onun böyüdülməsinə qədər olan mərhələləri əhatə edən dəstək proqramının Azərbaycanda tətbiqi demoqrafik və ailə böhranının qarşısının alınmasına müəyyən töhfə verə bilər.
Xaricdən gələn təsirlər, sosial şəbəkələrdə yayılan müxtəlif yanaşmalar, insanların bir-birinin taleyinə və ailəsinə kifayət qədər həssas yanaşmaması, ailəyə müqəddəs ocaq kimi baxışın zəifləməsi kimi amillər də gənclərin ailə qurmasına təsir göstərir.
Ailə həm də iqtisadi modeldir. O, iqtisadiyyatın inkişafına təsir edən mühüm təsisatlardan biridir. Ailə qurulduqda yeni mənzilə ehtiyac yaranır, insanlar banklardan kredit və ipoteka götürür, işləmək, özünü sübut etmək və ailənin xərclərini qarşılamaq üçün daha çox iqtisadi fəaliyyət göstərirlər.
Ona görə də dövlətin özü də maraqlı olmalıdır ki, gənc ailələr və gənclər dəstəklənsin. Bununla yeni ailələrin qurulmasına şərait yaratmaq və cəmiyyətin demoqrafik baxımdan inkişafını təmin etmək mümkündür”.
Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, 30 yaşdan sonra evlənməməyin tək bir səbəbi yoxdur. Təbii ki, bunu hər bir fərdin öz xüsusiyyətinə və qarşısına qoyduğu müəyyən məqsədlərə görə qiymətləndirmək olar. Burada bir neçə amil özünü göstərə bilir:

“İlk olaraq şəxsi məkanın, karyeranın və həyat tərzinin dəyişməsindən çəkinməkdir. İnsan azadlığını itirmək qorxusu yaşayır. Çünki dost-tanış ətrafında ailə quran insanların müəyyən məhdudiyyətlərlə üzləşməsi, bəzi yerlərə gedə bilməməsi, hətta müəyyən məqamlarda dostlarından uzaq düşməsi qarşıdakı insanı qorxutmağa başlayır.
Digər tərəfdən, keçmiş münasibətlərin də təsiri ola bilər. Məsələn, insan keçmişdə yaşadığı münasibətdə xəyanət və ya ayrılıqla üzləşibsə, hər hansı emosional travma yaşayıbsa, bunun qarşılığında artıq ailə qurmaqdan çəkinə bilir.
Eyni zamanda son dövrləri nəzərə alsaq, gənc ailələrdə, erkən qurulan ailələrdə daha sonra xanımların həyat yoldaşını istəməməsi, bəyənməməsi və başqa insanlarla münasibət qurması kimi hallar kişinin düşüncəsində belə bir fikir yaradır: “Bir də mən ailə quraram, mənim də ailəmin başına bunlar gələ bilər”. Bunlar həqiqətən də əsaslı səbəblərdən biridir. Çünki müraciətlər bunun üzərində fokuslandığına görə, əsas motivlərdən biri kimi bunları qeyd edə bilərəm.
Digər tərəfdən, maddi və karyera reallıqları da var. 30 yaşına çatmış oğlan özünün maddi təminatını müəyyən qədər qurduqdan sonra qarşı tərəflə bu maddi sağlamlığı necə formalaşdıracağını düşünür. Yəni həyatını yalanlar üzərində qurmamaq istəyir. Çünki artıq biz kamillik dövrünə gedirik. Həmin dövrdə insanın özünün əldə etdikləri özünə yetmədiyi halda başqa birisinin də öhdəliklərini üzərinə götürməkdə çətinlik çəkə bilər.
Ona görə də ailə modelindən qorxan gənclər, yəni 30-35 yaş arası oğlanlar ilk olaraq bu cür problemləri düşünürlər. Onları narahat edən əsas məsələlərdən biri emosional yaxınlıqdır. Münasibət istəyib eyni zamanda qarşı tərəfə yaxınlaşdıqda geri çəkilmək istəyinin əsas səbəbləri də bunlardan ibarət ola bilər.
Bu gün gender bərabərliyi də ailələrin qurulmasına müəyyən mənada təsir göstərə bilir. Çünki artıq xanım da bəy kimi “Mən azad və hüquqi cəhətdən bərabər insanam, mənim də istəklərim olmalıdır” düşüncəsinə sahibdir. 30-35 yaş arası oğlan isə öz ailəsində, məsələn, anasının atasına olan münasibətini, itaətini və hörmətini görüb böyüyür. Bunun qarşılığında “Niyə həyat yoldaşım anam kimi deyil?” düşüncəsinə qapıla bilər. Bu da bəzi hallarda kişinin ailə qurmaq istəməməsinin səbəblərindən birinə çevrilir”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.
dəqiqələr içində saytın olsun.