İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır - YENİLƏNİB
İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.
Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb.
"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.
19:02
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Bu barədə Operativ Media-ya Azərbaycan Hava Yollarından məlumat verilib.
"ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib", - məlumatda bildirilib.