Ceyhun Nuriyev: “Lixtenşteyn bizdən daha çox qələbə istəyirdi”
"Ötən oyun bizim üçün ağır zərbə olsa da, sonda həmin məğlubiyyətin təsirindən çıxa bildik və qələbə qazandıq”.
Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan millisinin üzvü Ceyhun Nuriyev deyib.
O, Lixtenşteyn millisinə məğlubiyyətin səbəbini açıqlayıb.
“Bəlkə də Lixtenşteyn bizdən daha çox qələbə qazanmaq istəyirdi. Səviyyə baxımından onlardan üstün olsaq da, meydanda mübarizə aparmasan və qələbəni kifayət qədər istəməsən, qalib gələ bilməzsən. Üç gün əvvəlki oyun bizim üçün ağır zərbə, bir növ soyuq duş oldu. Lakin həmin qarşılaşmadan düzgün nəticə çıxararaq bu gün qələbə qazanmağı bacardıq”.
25 yaşlı futbolçu Litva ilə matçda qazanılan qələbənin əhəmiyyətini vurğulayıb.
“Matçın gözlədiyimizdən daha gərgin keçəcəyini bilirdik. Bu qarşılaşma bizim üçün son şans idi. Qələbə qazanmasaydıq, qrupdakı şanslarımız demək olar ki, qalmayacaqdı.
Milli üzvü Lixtenşteynlə cavab oyununda qalib gəlmək istədiklərini bildirib.
“Sonuncu oyunumuz qalıb. İkinci dəfə də Lixtenşteynə qalib gələ bilməsək, deməyə söz tapılmayacaq. Belə bir ehtimalı düşünmək belə istəmirəm. Yaxşı oldu ki, heç olmasa həmin zərbə vaxtında bizə dəydi. Ümid edirəm ki, ikinci dəfə eyni vəziyyətə düşmərik”.
Ceyhun Nuriyev milli fasilənin uzun olmasını müsbət qiymətləndirib.
“Fasilələrin belə uzun olması və komandaların Premyer Liqaya hazırlaşması müsbət haldır. Üç ay ərzində hər 10 gündən bir oyun keçirməkdənsə, belə uzun fasilələrlə oynamaq bizim üçün daha yaxşı oldu. Artıq beynimin bir küncündə “Kəpəz”lə oyunu düşünürəm. İnanıram ki, komandamız üçün heç bir problem olmayacaq. Səviyyə fərqi də çox böyük deyil”.
dəqiqələr içində saytın olsun.