Milli Məclisdə gənc ailələr üçün yeni qanun layihəsinin hazırlanması təklif edilib
“Payız sessiyasının iş planına ‘Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında’ qanun layihəsinin hazırlanmasının daxil edilməsini istərdim”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil və ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Razi Nurullayev dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olmasının vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, dünya təcrübəsində ailələrə dəstək yalnız pul ödənişi kimi deyil, mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi nəzərdən keçirilir.
O bildirib ki, Azərbaycanda da ailələrə, uşaqlara və gənclərə müxtəlif müavinətlər ödənilir, sosial xidmətlər göstərilir, mənzil, məşğulluq, təhsil və digər istiqamətlər üzrə proqramlar həyata keçirilir.
“Amma burada ciddi bir problem var. Bu imkanlar və xidmətlər müxtəlif qanunlarda, proqramlarda və ayrı-ayrı mexanizmlərdə dağınıq şəkildə təqdim olunur. Bəzən sistem vətəndaş üçün mürəkkəb və anlaşılmaz görünür”, - deyə Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, mövcud hüquq və xidmətlərin vahid hüquqi çərçivədə toplanması, sistemləşdirilməsi və vətəndaş üçün daha aydın və əlçatan edilməsi vacibdir.
Deputat gənc ailələrin mənzil məsələsinə də xüsusi diqqət yetirilməsinin vacibliyini deyib:
“Çünki bu gün bir çox gənc üçün artıq əsas sual “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi ola bilər”.
Razi Nurullayev uşaq baxımı məsələsinin də qanun layihəsində nəzərə alınmasını təklif edib. O bildirib ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmamalıdır.
“Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi olmalıdır”, - deyə deputat qeyd edib.
O, uşaqların təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyinin də ailələrə gələcəyi qurmaqda kömək etməli olduğunu vurğulayıb.
“Ən vacibi isə budur: dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir”, - deyə Razi Nurullayev bildirib.
Deputat hesab edir ki, demoqrafik problemi inzibati çağırışlarla həll etmək mümkün deyil.
“Bu, insan hüquqları məsələsidir, ailənin sosial təminatı məsələsidir və Azərbaycanın gələcəyinə investisiyadır”, - deyə o əlavə edib.
Razi Nurullayev təklif edib ki, “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” kompleks qanun layihəsinin hazırlanması məsələsinin Milli Məclisin payız sessiyasının iş planına daxil edilməsi nəzərdən keçirilsin.
dəqiqələr içində saytın olsun.