Məhkumlara 15 günədək səfər icazəsi – Kimlərə şamil olunur?
Məhkumların müəyyən hallarda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə getməsinə icazə verilə bilər.
Operativ Media xəbər verir ki, bu müddət bəzi hallarda 15 günədək müəyyən olunur.
Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə, habelə ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan şəxslər yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi, həmçinin təbii fəlakət və digər fövqəladə hadisə nəticəsində özlərinə və ya ailələrinə əhəmiyyətli maddi zərər dəyməsi ilə əlaqədar ölkə daxilində yeddi günədək qısa müddətli səfərə buraxıla bilərlər. Bu müddətə gedib-gəlmək üçün sərf olunan, lakin iki gündən çox olmayan vaxt daxil edilmir.
Cəzaçəkmə müəssisələrinin uşaq evlərində uşaqları olan qadınlara isə məzuniyyətləri zamanı övladlarını qohumlarının və ya himayəçilərinin yanına göndərmək, yaxud uşaq evlərinə yerləşdirmək üçün ölkə daxilində 15 günədək səfərə icazə verilə bilər.
Bundan başqa, ilk dəfə qəsdən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, eləcə də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunan və ümumi rejimli cəzaçəkmə və ya tərbiyə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılan şəxslərə ildə bir dəfə məzuniyyət zamanı yeddi günədək qısa müddətli səfər etmək imkanı verilə bilər. Bu halda da yola sərf olunan iki günədək müddət səfər müddətinə daxil edilmir.
Qısa müddətli səfərə icazə yaxın qohumun ölümü və ya ağır xəstəliyi, fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər dəyməsi kimi hallarda müvafiq dövlət orqanlarının sənədləri əsasında verilə bilər. Digər hallarda isə məhkumun özünün, qohumlarının və ya uşağının himayəçisinin ərizəsi əsas götürülür.
Yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisəsindən kənara səfərinə yalnız valideynlərinin və ya himayəçilərinin müşayiəti və yazılı öhdəliyi əsasında icazə verilir. Valideyn və ya himayəçilər olmadıqda və ya ağır xəstə olduqda isə müstəsna hallarda səfər müəssisə nümayəndələrinin müşayiəti ilə həyata keçirilə bilər.
Məhkumun ərizəsinə təxirə salınmadan baxılmalıdır. İcazə müəssisə rəisinin və ya onu əvəz edən şəxsin Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi ilə razılaşdırılmış qərarı əsasında, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla verilir. Səfərə icazə verilmədikdə isə qərar əsaslandırılmalıdır.
İstintaq və məhkəmə baxışı zamanı zərərçəkmişlərə, şahidlərə və digər şəxslərə məhkum tərəfindən hədə-qorxu gəlinməsi barədə müəssisə rəhbərliyinə məlumat daxil olarsa, bu hal da səfərə buraxılma məsələsinə baxılarkən nəzərə alınır.
Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, vərəm və digər infeksion xəstəliklərə yoluxmuş və tam müalicə kursu keçməmiş məhkumların isə qısa müddətli səfərə buraxılmasına icazə verilmir.
Səfərə buraxılması barədə qərar qəbul edildikdə məhkuma möhürlə təsdiqlənmiş vəsiqə verilir. O, yola düşməzdən əvvəl təlimatlandırılır və icazə müddəti başa çatdıqdan sonra üzrsüz səbəbdən geri qayıtmayacağı halda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə yazılı şəkildə xəbərdar edilir. Belə halda Cinayət Məcəlləsinin 305-ci maddəsinə əsasən bir ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Məhkum səfər müddətində qeydiyyatdan çıxarılmır və onun müəssisəyə qayıtmasına xüsusi şöbə nəzarət edir. Onun müəssisədən kənarda olduğu vaxt cəza müddətinə hesablanır, lakin həmin dövrdə əmək haqqı verilmir.
Məhkumun gedəcəyi yaşayış yerində yerləşən polis orqanına onun səfərə buraxılması barədə əvvəlcədən məlumat göndərilir. Məhkum yaşayış məntəqəsinə gəldikdən sonra bir sutkadan gec olmayaraq məqsədini, səfər müddətini və yaşadığı ünvanı polis orqanının növbətçi hissəsinə bildirməlidir. Polis onun vəsiqəsinə gəlmə vaxtı barədə qeyd edir və davranışına nəzarətin təşkil olunması üçün məlumatı rəhbərliyə çatdırır.
Səfərin son günündə məhkum yaşayış məntəqəsindən getməsi barədə qeyd aparılması üçün polis orqanının növbətçi hissəsinə gəlməlidir. Qayıdış iş günü sayılmayan günə düşərsə, qeyd bir gün əvvəl aparılır və gəlmə-getmə vaxtları möhürlə təsdiqlənir.
Məhkum üzrlü səbəbdən gecikərsə, bu barədə dərhal müəssisə rəhbərliyinə teleqrafla məlumat verməlidir. Gecikmənin səbəbini təsdiqləyən sənədlər yerli polis orqanı tərəfindən möhürlə təsdiqlənir və məhkum müəssisəyə qayıtdıqdan sonra həmin sənədləri təqdim edir.
Səfər zamanı məhkum xəstələnər və müəssisəyə qayıtması mümkün olmazsa, polis orqanının təşəbbüsü ilə yaxınlıqdakı məhkumlar üçün müalicə müəssisəsinə, belə müəssisə olmadıqda isə dövlət tibb müəssisəsinə yerləşdirilə bilər. Polis bu barədə cəzaçəkmə müəssisəsinə məlumat verir və müalicədən sonra məhkumun vaxtında geri qayıtmasına nəzarət edir.
Məhkum polis orqanında qeydiyyata düşmək üçün gəlmədikdə, onun yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Cəza çəkməkdən yayındığı müəyyən edilərsə, tutulması üçün tədbir görülür və bu barədə müəssisə rəhbərliyinə məlumat verilir. Üzrsüz səbəbdən vaxtında qayıtmayan məhkumların axtarışı isə qanunla müəyyən edilmiş qaydada təşkil olunur.
Qısa müddətli səfərlərin müddəti sutkalarla hesablanır və son gün saat 24:00-da başa çatmış hesab edilir.
Səfər zamanı məhkum hava şəraitinə uyğun şəxsi paltar və ayaqqabısından istifadə edir. Şəxsi geyimi olmadıqda və ya müəssisədə ona verilmiş paltar və ayaqqabı yararsız vəziyyətdə olduqda, yeni geyim onun şəxsi hesabına alınır. Yol xərclərini də məhkumun özü və ya qohumları ödəyir. Biletləri məhkum özü əldə edir, zərurət yarandıqda isə müəssisə rəhbərliyi ona kömək göstərə bilər.
Əgər qısa müddətli səfər zamanı məhkumun cəza müddəti başa çatarsa, onunla bütün hesablaşmalar aparılır, sənədləri, pulları, şəxsi və qiymətli əşyaları özünə verilir. Azad edilməsi barədə arayış yaşayış yeri üzrə polis orqanına göndərilir və cəza müddətinin başa çatdığı gün həmin sənəd məhkuma təqdim olunur.
Bu qaydalar istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada təsərrüfat və məişət xidməti işləri üçün saxlanılan məhkumlara da şamil edilir.
dəqiqələr içində saytın olsun.