Menyu

Media savadlılığı məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdırmı? - TƏHLİL

Ayşən Sadıxzadə
Media savadlılığı məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdırmı? - TƏHLİL
6 dəq oxu

Müasir rəqəmsal əsrdə uşaqlar və yeniyetmələr demək olar ki, hər gün intensiv informasiya axını ilə üzləşirlər. Sosial şəbəkələr, xəbər saytları və müxtəlif media platformaları gənclərin dünya görüşünü formalaşdırmaqda əsas rol oynayır. Lakin bu sonsuz məlumat dənizində həqiqəti saxtadan, qərəzi obyektivlikdən ayırmaq getdikcə çətinləşir. Bu reallıq fonunda media savadlılığının ümumtəhsil məktəblərində ayrıca fənn kimi tədris olunub-olunmaması məsələsi cəmiyyətdə və mütəxəssislər arasında aktual müzakirə mövzusuna çevrilmişdir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov hesab edir ki, məktəb proqramına hər yeni istiqaməti ayrıca daxil etmək mümkün deyil.

“Məktəb proqramı onsuz da kifayət qədər genişdir və onu həddindən artıq yükləmək düzgün olmaz. Təsəvvür edin ki, biri süni intellektin, digəri media savadlılığının, başqa biri isə əxlaq məsələlərinin tədris proqramına salınmasını təklif edir. Nəzərə almaq lazımdır ki, bu, kifayət qədər mürəkkəb və ağır prosesdir.

Bizim edə biləcəyimiz əsas iş məktəblərdə bu istiqamətdə maarifləndirici görüşlər və tədbirlər keçirməkdir. Media savadlılığının tətbiqində məqsəd heç də hər kəsin jurnalist olması deyil. Belə bir hədəfimiz və planımız yoxdur. Sadəcə sosial mediadan, ümumilikdə isə süni intellektdən düzgün və məsuliyyətli istifadə ilə bağlı maarifləndirici açıqlamalar verə, bu istiqamətdə addımlar ata bilərik.

Bu, kifayət qədər mürəkkəb prosesdir. Daha sonra süni intellektlə bağlı məsələlərə də keçmək və müəyyən problemlərin həllinə töhfə vermək mümkündür. Lakin bütün bunlar zamanı xüsusi məqamlar nəzərə alınmaqla proses tənzimlənməlidir”, - deyə deputat bildirib.

“Bunun ayrıca fənn kimi, yoxsa mövcud fənlərə inteqrasiya olunmuş modul şəklində keçirilməsi məktəbdəki yaş qruplarına, eləcə də tədris və müəllim hazırlığı imkanlarına uyğun müəyyənləşdirilməlidir.

Növbəti məsələ isə şagirdlərə hansı media kontentinin təqdim olunacağı və hansı yaş qrupuna hansı məlumatların veriləcəyidir. Biz kifayət qədər hallarla rastlaşmışıq ki, bəzi media xəbərləri saxta olur, informasiya mənbələri yoxlanılmır, faktlar, fikirlər və şahidlər araşdırılmır. Bir çox hallarda sosial media məzmununda əsassız şəkildə bu və ya digər məsələyə tənqidi yanaşmalar da görürük.

Hesab edirəm ki, təqdim olunacaq media kontenti çox ciddi şəkildə araşdırılmalı və müəyyən edilməlidir. Təqdim olunan kontentin həqiqətən faktlara söykənməsi və doğruluğunun müəyyən olunması vacibdir. Burada önəmli məsələlərdən biri də rəqəmsal etika məsələsidir.

Media savadlılığının ayrıca fənn kimi orta məktəblərdə tədris olunması onsuz da kifayət qədər yüklü olan məktəblilərin yükünü bir qədər də artırmış olar. Yeni fənnin əlavə edilməsi digər dərslərin vaxtının azalmasına və şagirdin ümumi yükünün artmasına səbəb ola bilər.

Digər önəmli məsələ müəllim hazırlığıdır. Media savadlılığı yalnız jurnalistika biliklərindən ibarət deyil. Burada informasiya texnologiyaları, mənbələrin düzgün qiymətləndirilməsi, psixologiya, kommunikasiya və rəqəmsal təhlükəsizlik kimi sahələr də əhatə olunur.

Hazırlıqlı müəllim olmadan ayrıca fənnin tətbiqi effektiv olmaya bilər. Ona görə də ayrıca fənn kimi tədris olunmasının əleyhinəyəm. Hesab edirəm ki, ilkin biliklər tədris yükünün artırılmasına səbəb olmadan mövcud fənlərin məzmununa əlavə edilə bilər. Bununla həm şagirdin yükünü artırmamış olarıq, həm də media savadlılığının artırılmasına imkan yaranar”, - deyə deputat qeyd edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu isə media savadlılığının ayrıca fənn kimi tədrisinin ciddi üstünlüklərinin ola biləcəyini deyib.

“Müasir dünyada informasiya artıq yalnız bilik mənbəyi deyil, həm də insan davranışına, dünyagörüşünə və qərarlarına təsir edən mühüm vasitədir. Xüsusilə sosial şəbəkələrin, süni intellektin və rəqəmsal platformaların sürətli inkişafı nəticəsində məktəblilər hər gün böyük həcmdə informasiya ilə qarşılaşırlar. Bu informasiyanın bir hissəsi obyektiv və faydalı olduğu halda, digər hissəsi yanlış məlumat, manipulyativ məzmun, dezinformasiya, saxta görüntülər, reklam və müxtəlif təsir mexanizmlərindən ibarətdir.

Buna görə də media savadlılığı artıq əlavə bacarıq deyil, XXI əsr insanının fundamental kompetensiyalarından biridir.

UNESCO media və informasiya savadlılığını informasiyaya və mediaya çıxış, onları təhlil etmək, tənqidi qiymətləndirmək, istifadə etmək, yaratmaq və yaymaq bacarıqlarını əhatə edən kompleks kompetensiyalar toplusu kimi müəyyənləşdirir. Təşkilatın yanaşmasına görə, bu bacarıqlar yalnız rəqəmsal texnologiyadan istifadəni deyil, həm də informasiya mənbələrinin və media məzmununun mahiyyətini anlamağı nəzərdə tutur.

Məhz buna görə media savadlılığının orta məktəbdə ayrıca fənn kimi tədrisinin ciddi üstünlükləri ola bilər. Hazırda bir çox ölkədə bu istiqamət müxtəlif fənlərin daxilində və ya transversal kompetensiya kimi öyrədilir. Lakin belə yanaşmada media savadlılığının sistemli və ardıcıl şəkildə mənimsənilməsi bəzən ayrı-ayrı müəllimlərin təşəbbüsündən və konkret fənnin imkanlarından asılı olur. Ayrıca fənn isə bütün şagirdlər üçün vahid minimum kompetensiya standartının formalaşdırılmasına imkan verə bilər.

Belə bir fənnin proqramına ilk növbədə informasiya mənbələrinin yoxlanılması və faktların təsdiqlənməsi daxil edilməlidir. Şagird xəbərin başlığının məzmunla uyğunluğunu, mənbənin etibarlılığını, məlumatın nə vaxt yayıldığını, ilkin mənbənin kim olduğunu və eyni məlumatın digər etibarlı mənbələrdə də mövcud olub-olmadığını müəyyənləşdirməyi öyrənməlidir.

İkinci mühüm istiqamət manipulyasiya və dezinformasiyanın tanınmasıdır. Şagird emosional başlıqların, kontekstdən çıxarılmış sitatların, saxta ekspert rəylərinin, montaj edilmiş foto və videoların, “deepfake”lərin və süni intellekt vasitəsilə yaradılmış məzmunun necə müəyyənləşdirildiyini praktik nümunələr üzərindən öyrənməlidir.

Üçüncü istiqamət sosial şəbəkə davranışı və rəqəmsal təhlükəsizlik olmalıdır. Şagird şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik, onlayn etik davranış, kiberzorakılıq, alqoritmlərin istifadəçiyə məzmun təqdim etməsi və rəqəmsal iz kimi məsələlər haqqında praktiki bilik əldə etməlidir.

UNESCO-nun 2026-cı ildə yayımladığı qlobal araşdırmaya görə, 194 ölkədən 84-də, yəni təxminən 43 faizində media və informasiya savadlılığının elementləri milli formal təhsil proqramlarına inteqrasiya edilib. Bununla yanaşı, 56 ölkədə bu istiqamət əsasən rəqəmsal savadlılıqla məhdudlaşır. UNESCO media savadlılığına dair siyasətlərin və sistemli yanaşmanın gücləndirilməsini məktəblərdə bu kompetensiyaların davamlı inkişafı üçün vacib hesab edir.

Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki media savadlılığı yalnız “saxta xəbərləri tanımaq” demək deyil. Bu, həm də tənqidi düşüncə, informasiya təhlükəsizliyi, jurnalistika mədəniyyəti, rəqəmsal etika, söz və ifadə azadlığı, məsuliyyətli informasiya paylaşımı və vətəndaşlıq kompetensiyası deməkdir.

Ona görə orta məktəbdə media savadlılığının ayrıca fənn kimi tətbiqi düşünülərkən məqsəd uşaqlara “hansı xəbərə inanmağı” öyrətmək deyil, heç bir xəbərə kor-koranə inanmamağı, sual verməyi, mənbəni yoxlamağı və öz müstəqil nəticəsini formalaşdırmağı öyrətmək olmalıdır. Bu, media savadlılığının ən mühüm fəlsəfəsidir”, - deyə Vüqar Zifəroğlu bildirib.

Təhsil eksperti Ramin Nurəliyev isə media savadlılığının dövrün tələbinə uyğun olaraq şagirdlərə öyrədilməsinin vacib olduğunu bildirib.

“Media savadlılığı bu gün üçün mütləq lazımdır. Çünki orta ümumtəhsil məktəbini bitirən hər bir gənc sosial platformalarda öz hesablarını açır və sosial medianın istifadəçisinə çevrilir. Buna görə də hər bir gənc sosial platformalarda sosial media mədəniyyətinə uyğun davranmalı, kobudluqdan, səhlənkarlıqdan, yalan məlumatların yayılmasından və digər bu kimi hallardan uzaq durmalıdır.

Mən düşünürəm ki, media savadlılığı orta ümumtəhsil məktəblərində şagirdlərə müstəqil fənn kimi tədris olunmamalıdır. Çünki media savadlılığını ayrıca fənn kimi məktəb proqramına daxil etsək, gələcəkdə digər sahələrlə bağlı da oxşar təkliflərin irəli sürülməsi mümkündür. Məsələn, hər bir vətəndaş öz hüquqlarını bilməlidir və bu baxımdan hüquqla bağlı ayrıca fənnin də məktəb proqramına salınması təklif oluna bilər.

Onsuz da orta ümumtəhsil məktəblərində kifayət qədər fənn və tədris yükü var. Əlavə fənlərin daxil edilməsi şagirdlərin yükünün daha da artmasına səbəb ola bilər. Ona görə media savadlılığının ayrıca fənn kimi deyil, məsələn, “Həyat bilgisi” fənninin tərkibində ayrıca bölmə kimi tədris olunması mümkündür.

Bununla yanaşı, media nümayəndələri, ictimai birliklər və qeyri-hökumət təşkilatları tərəfindən məktəblərdə media savadlılığı ilə bağlı seminar və təlimlər keçirilə bilər. Onlayn təlimlərin təşkili də mümkündür. Bu istiqamətdə müəyyən qrantların ayrılması və QHT-lərin prosesə cəlb olunması da faydalı ola bilər.

Şagirdlərə media savadlılığı ilə yanaşı, media nəzakəti, media mədəniyyəti, sosial mediadan düzgün istifadə qaydaları və sosial media iştirakçısının məsuliyyəti barədə də məlumat verilməlidir.

Çünki artıq sosial media medianın mühüm bir hissəsinə çevrilib və hər bir şagird gələcəkdə bu platformaların iştirakçısı olacaq. Buna görə də sosial mediada düzgün davranış qaydalarının, media mədəniyyətinin və istifadə prinsiplərinin öyrədilməsi məqsədəuyğundur. Lakin bunun müstəqil fənn kimi deyil, təlim və seminarlar, yaxud mövcud fənlər çərçivəsində ayrıca bölmə vasitəsilə həyata keçirilməsi daha uyğun yanaşma ola bilər”, - deyə ekspert bildirib.

Qeyd: material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti üzrə hazırlanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər