Oruc Məmmədov: “Legionerlər bizdən çox fərqlənmirlər”
“Komandalarda yerli futbolçulara çox az güvənirlər. Bu, bir qədər pis haldır. İnşallah, hər kəs çalışmalı və öz üzərində daha çox işləməlidir. Legionerlər bizdən çox fərqlənmirlər. Yerli futbolçulara da güvənsinlər. Azarkeşlər də dəstək olsunlar. İnanıram ki, belə olduqda Azərbaycan futbolu daha da yaxşı olacaq”.
Bunu Operativ Media-ya açıqlamasında Azərbaycan millisinin üzvü Oruc Məmmədov deyib.
O, Litvaya qarşı keçirilən matçda çətinliklərlə üzləşdiklərini, lakin sonda qələbə qazanmağı bacardıqlarını bildirib:
“Oyun bir qədər təzyiq altında başladı. Çünki son oyundan sonra üzərimizdə müəyyən təzyiq var idi. Lakin bunlara fikir vermədik və qolumuzu vurduq. Şükürlər olsun ki, qələbə qazandıq”.
Hücum xəttindəki problemlərə və qol qıtlığına toxunan milli üzvü bitiricilik baxımından çətinlik yaşadıqlarını etiraf edib:
“Az qol vururuq. Çoxsaylı epizodlar yaradırıq, amma fərqlənə bilmirik. Üç oyunda iki qol vurmaq azdır. Amma bu futboldur. Rəqib də yaxşı komandadır. Hesabda öndə olsaq da, bizə çox təzyiq etdilər. Belə hallar futbolda mümkündür. Bitiricilik baxımından problem yaşayırıq. Çünki komandalarımızda bir çox futbolçu müntəzəm olaraq əsas heyətdə çıxış etmir. İnşallah, qarşıdakı oyuna qədər bir ay vaxtımız var və həmin müddətdə daha çox çalışacağıq. Ümid edirəm ki, futbolçularımız klublarında daha çox şans qazanacaqlar və bu da milli komandaya müsbət təsir göstərəcək”.
22 yaşlı futbolçu Lixtenşteynə qarşı keçiriləcək növbəti oyuna daha yaxşı hazırlaşacaqlarını qeyd edib.
“Lixtenşteynə qarşı üstün oynadıq, amma fərqlənə bilmədik. Qarşıdakı oyuna qədər bir ay vaxtımız var. Bu müddətdə daha yaxşı hazırlaşacağıq, hamımız üzərimizdə daha çox işləyəcəyik. Motivasiyamız var. Üstəlik, bu qələbə də bizə əlavə motivasiya verdi. İnşallah, hər şey yaxşı olacaq. Azarkeşlər bizdən yaxşı nəticə gözləsinlər”.
Milli formayla bağlı təəssüratlarını bölüşən Oruc Məmmədov ilk dəqiqələrdə həyəcan keçirdiyini, lakin sonradan uyğunlaşdığını da diqqətə çatdırıb:
“Açığı, bir qədər həyəcan var idi. İlk vaxtlar hamı bunu yaşayır. Lakin 10-15 dəqiqədən sonra bir qədər rahatladım. Məşqçilər sağ olsunlar, bu oyunda mənə güvəndilər və belə təzyiqli matçda şans verdilər. Necə oynadığımı siz məndən daha yaxşı qiymətləndirə bilərsiniz. Əsas odur ki, qələbə qazandıq. İlk oyunda qələbə qazanmağım mənə əlavə motivasiya verdi”.
dəqiqələr içində saytın olsun.