Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Operativ Media xəbər verir ki, “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir.
Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.
dəqiqələr içində saytın olsun.