Tom Berendsen: Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayırıq
Niderland Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Operativ Media xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Niderland Azərbaycanı regionda mühüm tərəfdaş hesab edir.
Nazir bildirib ki, tərəflər siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan yol xəritəsi barədə razılığa gəliblər.
Onun sözlərinə görə, bu yol xəritəsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha töhfə verəcək.
T. Berendsen əlavə edib ki, görüşdə Cənubi Qafqazda və daha geniş regionda baş verən geosiyasi proseslər, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi müzakirə olunub. O, Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də göstərdiyi son humanitar yardıma görə təşəkkür edib.
Nazir, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, hər iki ölkənin son dövrdə atdığı mühüm addımları alqışladıqlarını vurğulayıb.
O qeyd edib ki, sülh sazişinin imzalanmasına gətirib çıxaracaq praqmatik həll yollarının tapılması və etimad quruculuğu tədbirlərinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.