Ayxan Abbasov: Hazırda ən çox diqqət yetirməli olduğumuz məqam istedadlı və potensiallı futbolçulara fərdi yanaşmaqdır
“Bu turnir futbolçuların karyerasında mühüm mərhələ olacaq. 15 yaşında dünya çempionatında iştirak etmək onların yaddaşında həmişəlik qalacaq”.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis bu gün U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində İsrail üzərində qazanılan 3:1 hesablı qələbəni dəyərləndirib: “Əsas məsələ qələbə qazanmaq idi. Bu gün qalib gəldik və turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırdıq. Uşaqlar yaxşı oynadılar. İlk oyunla bu qarşılaşma arasında fərq hiss olunurdu. Çünki ilk matçda daha çox həyəcan keçirirdilər. Əsas odur ki, bu turnirdə iştirak edir, təcrübə qazanır və müxtəlif ölkələri tanıyırlar”.
Ayxan bəy futbolçuların fiziki inkişafından da danışıb: “Sanki bu nəslin futbolçuları fiziki cəhətdən də daha yaxşı inkişaf edib. Bu baxımdan müəyyən fərqlər var. Uruqvay yığmasını izləmişəm, onlar da bizim kimi fiziki cəhətdən yaxşıdırlar. Ümumiyyətlə, güclü komandalar çoxdur. Bu da yaxşı haldır. Çünki bilirsiniz ki, futbolçuların fiziki inkişafı 17-18, hətta 19 yaşa qədər davam edir. Buna görə də bugünkü vəziyyətə əsasən yekun fikir söyləmək və ya müəyyən qərara gəlmək düzgün olmaz. Futbolçuların fiziki göstəriciləri 19-20 yaşa qədər dəyişə bilər”.
Abbasov perspektivli futbolçuların itirilməməsinin və onların inkişafı üçün lazımi şəraitin yaradılmasının vacibliyini də qeyd edib: “Əsas çətinliklər 17-19 yaş aralığında yaranır. Azərbaycanda məhz bu yaş dövründə problemlər var. Çünki bu, keçid mərhələsidir. Gənclər məktəbi bitirir, universitetə qəbul olur, hərbi xidmətlə bağlı məsələlərlə qarşılaşırlar. Bu səbəblərdən bir çox futbolçu karyerasını davam etdirə bilmir. Bu məsələdə klubların üzərinə böyük məsuliyyət düşür. Hazırda ən çox diqqət yetirməli olduğumuz məqam istedadlı və potensiallı futbolçulara fərdi yanaşmaqdır. Klublar bu istiqamətdə daha çox çalışmalıdırlar ki, perspektivli oyunçularımızın inkişafına lazımi dəstək göstərilsin. Belə futbolçuları itirməməli, onların inkişafı üçün lazımi şərait yaratmalıyıq. Gələcəkdə milli komandaya daha çox namizəd yetişdirmək üçün hər klub öz futbolçu hazırlığı sisteminə ciddi yanaşmalı və çoxsaylı istedadlı oyunçular yetişdirməlidir”.