TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Operativ Media xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı Dövlət Baxçalı ilə görüşdə Azərbaycan və Türkiyə arasında mövcud sarsılmaz dostluq və qardaşlıq əlaqələri, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Partiya sədri Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən Türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə görə Dövlət Baxçalıya təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.
TÜRKPA Baş katibi səfər çərçivəsində bu ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Kürşad Zorlu ilə də görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyin yaxınlaşdırılması, üzv dövlətlərin milli maraqlarının qorunması və Türk dünyasının birliyinə xələl gətirməyə çalışan qüvvələrə qarşı birgə fəaliyyətin təşviq edilməsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb.