Menyu

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər - Yenilənib

Operativ Media
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər - Yenilənib
2 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdə səfərdə olan Baş katibi İsmail Uld Şeyx Əhməd ilə görüşüb.

Operativ Media xəbər verir ki, Nazir Ceyhun Bayramov İsmail Uld Şeyx Əhmədi İƏT-in Baş katibi vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İƏT-in müsəlman dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışların həlli istiqamətində rolunun əhəmiyyəti vurğulanıb.

Görüşdə İƏT çərçivəsində Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Bu dəstəyin beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycanın növbəti ildən İƏT-ə sədrliyi çərçivəsində müəyyən edilmiş prioritetlər, Bakıda 2027-ci ildə keçiriləcək sammitə hazırlıqlar, üzv dövlətlər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi, humanitar, iqlim dəyişikliyi, gənclər, media və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də müsəlman dünyasını narahat edən məsələlər üzrə birgə səylərin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

İƏT-in institusional potensialının gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi məqsədilə islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə üzv dövlətlər arasında koordinasiyanın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xətti ilə həyata keçirilən humanitar yardım fəaliyyəti və İƏT məkanında humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Humanitar yardımın ehtiyacı olan əhali qruplarına çatdırılması, həmçinin müsəlman ölkələrində humanitar çağırışların aradan qaldırılması istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfə regionda post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bununla yanaşı, bölgədə mina təhdidləri və onun aradan qaldırılması istiqamətində tədbirlər diqqətə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

***

18:49

Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlığı və ölkənin təşkilata qarşıdakı sədrliyini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İƏT-in baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

Bayramov baş katibi təyinatı münasibətilə bir daha təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

"Biz Azərbaycan və İƏT arasında əməkdaşlığın gücləndirilməsi, ölkəmizin təşkilatda qarşıdan gələn sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT sammitinə hazırlıq barədə fikir mübadiləsi apardıq", - XİN rəhbəri qeyd edib.

O, həmçinin İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi uzunillik dəstəyə görə minnətdarlığını bildirib.

"Biz təşkilatın səmərəliliyinin artırılmasına və müsəlman dünyasının qarşılaşdığı çağırışlara cavab vermək imkanlarının gücləndirilməsinə yönəlmiş institusional islahatların vacibliyini vurğuladıq", – Bayramov qeyd edib.

Tərəflər İƏT-ə üzv dövlətlər arasında həmrəyliyi gücləndirməyə və dialoq, əməkdaşlıq və kollektiv fəaliyyət vasitəsilə ümumi prioritetləri irəli sürməyə hazır olduqlarını təsdiqləyiblər.

Əlaqəli Xəbərlər