Menyu

Azərbaycan arxeoloqları Gənc Türkoloqların V Beynəlxalq konfransında çıxış ediblər

Operativ Media
Azərbaycan arxeoloqları Gənc Türkoloqların V Beynəlxalq konfransında çıxış ediblər
1 dəq oxu

21-24 oktyabr 2026-cı il tarixlərində Qazaxıstanın Türküstan şəhərindəki Xoca Əhməd Yəsəvi ad. Türk-Qazax Universitetində I Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Gənc Türkoloqların V Beynəlxalq Konfransı keçirildi.

Bu barədə Operativ Media-ya Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Xorvatiya, Rusiya və digər ölkələrdən təxminən 70 gənc tədqiqatçı və tələbəni bir araya gətirən konfrans türk xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəni irsi ilə bağlı aktual məsələlərə həsr olunmuş gənc alimlərin elmi tədqiqatlarını dəstəkləmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq akademik əlaqələri gücləndirmək üçün imkan yaratdı.

Konfrans Xoca Əhməd Yəsəvi Türk-Qazax Universiteti, Türkiyənin Ordu şəhər Universiteti və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən birgə təşkil olunmuşdu.

Tədbir Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin Himayəçilər Şurasının sədri Hüseyin Karamanın video müraciəti ilə başladı. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyədəki Ordu Universitetinin rektoru Orhan Baş, Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin rektoru Janar Temirbekova çıxış etdilər.

Tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşları Vüsalə Beydullazadə və Günel Əliyeva təmsil etmişlər. Vüsalə Beydullazadənin “Türk-İslam memarlıq irsi: Azərbaycan materialları kontekstində dekorativ keramikanın rolu” və Günel Əliyevanın “Xaraba-Gilan arxeoloji abidəsindən ipək parçalar: Orta əsr türk mədəni qarşılıqlı əlaqələrinə dair fikirlər” mövzusunda çıxışları beynəlxalq konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Fotogalereya

Əlaqəli Xəbərlər