Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq istəyir
ABŞ Prezidenti Donald Tramp qanunvericilik buna imkan versəydi, prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürmək istəyəcəyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə “New York Post” qəzetinin “Pod Force One” podkastına müsahibəsində danışıb. Tramp ABŞ Konstitusiyasına prezidentin iki müddətdən artıq vəzifədə qalmasını qadağan edən 22-ci düzəlişin tələblərinin kifayət qədər sərt olduğunu vurğulayıb.
Ağ Evin rəhbəri prezidentlik müddətinin başa çatmasına hələ iki il qaldığını xatırladıb. O, bu müddət ərzində çox iş görməyin mümkün olduğunu qeyd edib.
Qanunvericiliyə əsasən, Donald Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. 1951-ci ildə qəbul edilən ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq seçilməsini məhdudlaşdırır. Buna baxmayaraq, Tramp dəfələrlə üçüncü müddətə də namizəd olmaq ehtimalını gündəmə gətirib.
Qeyd edək ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə prezident seçilib. O, ilk dəfə 2017–2021-ci illərdə ABŞ-a rəhbərlik edib.