“Şahdəniz” yatağına bu il 3 mlrd. dollardan artıq vəsait xərclənilib
Bu ilin üç rübü ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə ümumi xərclər 3 milyard 80 milyon dollar təşkil edib.
Bu barədə Operativ Media BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 milyard 2 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 78 milyon dollar əsaslı xərclər çəkilib.
Bildirilir ki, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 21 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetrdir.
Qeyd olunur ki, 2026-cı ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində şərq-şimal cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir və sentyabr ayında bu cinahda dördüncü quyu işə salınmışdır.
“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin ilk doqquz ayı ərzində gəmi həmçinin “Azəri-Çıraq-Günəşli” blokunun (AÇG) “Dərinsulu Günəşl”i ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək məqsədli sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur. Bu müddət ərzində “Tofiq İsmayılov” dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək vermişdir.
Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
Hesabata görə, 2026-cı ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasında SDA12 quyusunun qazma işləri başa çatdırılıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini başa çatdırıb və hazırda həmin cinahda SDH05 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev qazma qurğusu isə qurğuda profilaktik işləri başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazma işlərinə başlayıb.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.