Maqsud Adıgözəlov: "Murad Musayev "Sabah"ı favoritlərdən birinə çevirib"
“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov UEFA Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisinin formalaşmasından, Murad Musayevin komandanın inkişafındakı rolundan və klubun keçmiş baş məşqçiləri ilə bağlı maraqlı məqamlardan danışıb.
Operativ Media xəbər verir ki, klub prezidenti bu barədə “Sport-Ekspress” nəşrinə müsahibəsində bildirib.
O, ilk növbədə “Sabah”ın yaradılmasında və fəaliyyətində tanınmış “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Xrustal bayquş” və “Brilyant bayquş” mükafatlarının sahibi Balaş Qasımovun roluna aydınlıq gətirib.
Adıgözəlov bildirib ki, Balaş Qasımov onun uşaqlıqdan yaxın dostudur və komandanın ilk günlərindən bu günə qədər yanında olub:
“Əslində, Balaş mənim uşaqlıq dostumdur. Məndən dörd yaş böyükdür. O, hər zaman komandamızın yanında olub və bu gün də belədir. Ancaq onu klubun qurucusu adlandırmaq düzgün olmaz. “Sabah”ı yaradanda Balaş sadəcə komandamıza azarkeşlik edən dostum idi. Bu gün də məsləhətləşə biləcəyimiz, bütün oyunlarımıza gələn insandır. Lakin klubun daxili işlərinə qarışmır”.
Klub prezidenti “Sabah”da futbolçuların “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak etdiklərini də təsdiqləyib:
“Komanda yarandığı gündən bu oyunlarda iştirak edir və ənənə bu gün də davam edir. Futbolçular üçün bu, çox maraqlıdır. Belə oyunlar komandanı birləşdirir, müsbət ab-hava yaradır və onların şəxsi inkişafına kömək edir”.
Adıgözəlov Murad Musayevin vaxtilə “Sabah”ın baş məşqçisi vəzifəsinə gətirilməsində Balaş Qasımovun rolundan da danışıb:
“Məşqçi axtarışında idik. Baş direktor Ramin Həsənov, eyni zamanda skautinq və seleksiya departamentinin rəhbəri kimi, cəlb etmək istədiyimiz məşqçilərin siyahısını təqdim etmişdi. Siyahıda kifayət qədər tanınmış iki mütəxəssis var idi. Lakin onların əvvəl böyük klublarda çalışdıqlarını nəzərə alaraq, maliyyə məsələsində razılığa gələ bilməyəcəyimizi düşünürdük.
Həmin namizədlərdən biri Musayev idi. Həmin vaxt o, təxminən altı aydır işsiz idi. Buna görə də şansımızı sınamaq qərarına gəldik. Onun haqqında məlumat toplamağa başladıq və “Nə? Harada? Nə zaman?” oyununa maraq göstərdiyini öyrəndik. Bundan sonra Balaşdan xahiş etdim ki, ona ilk zəngi özü etsin. Bu, nəticə verdi. Musayev sonradan Qasımovun zəngindən və “Sabah”la bağlı təklifindən xoş təəccübləndiyini danışırdı.
Daha sonra özüm onunla əlaqə saxladım. Moskvaya uçdum, digər namizədlə görüşdüm və həmin vaxt paytaxtda olan Musayevlə telefonla danışdım. Lakin onun təcili Krasnodara getməsi lazım idi. Biz onu Bakıya dəvət etdik. Bir həftə sonra gəldi və razılığa gəldik”.
Klub prezidenti Murad Musayev və Vasili Berezutskinin “Sabah”ın bugünkü səviyyəyə çatmasındakı xidmətlərini də yüksək qiymətləndirib:
“Hər iki məşqçinin klubun inkişafında böyük rolu olub. Musayevin rəhbərliyi altında istədiyimiz futbolu oynamağa başladıq. Cəsarətli, hücumameyilli və yüksək pressinqə əsaslanan oyun nümayiş etdirdik. O, bunu bacardı. Musayev komandaya sonuncu pillədə olduğu vaxt gəldi və həmin mövsüm bizi beşinci yerə yüksəltdi. Növbəti mövsümdə isə ikinci olduq.
Bu, klub tarixində ilk dəfə mükafatçılar sırasına düşməyimiz və avrokuboklara vəsiqə qazanmağımız demək idi. Avropada bir mərhələni keçdik. İkinci mərhələdə isə evdə qalib gəlsək də, böyük tarixə və azarkeş kütləsinə malik Belqrad “Partizan”ına penaltilər seriyasında məğlub olduq.
Musayevin rəhbərliyi altında keçirdiyimiz üçüncü mövsüm istədiyimiz kimi alınmadı. Bununla belə, düşünürəm ki, məhz onun dövründə “Sabah” orta səviyyəli komanda statusundan çempionatın favoritlərindən birinə çevrildi.
Berezutski ilə isə ilk titulumuza – Azərbaycan Kubokuna sahib çıxdıq. Finalda “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub etdik. Bu qələbə bizə Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazandırdı.
Bunlar fərqli iş prinsiplərinə və yanaşmalara malik iki məşqçidir. Lakin hər ikisi çox yaxşı insandır və adlarını “Sabah”ın tarixinə qızıl hərflərlə yazdırıblar”.
Adıgözəlov Musayevin komandada sərbəst işləməsi, taktiki eksperimentlər aparması və cəlbedici futbol nümayiş etdirməsi ilə bağlı fikirlərlə də razılaşıb.
O, həmin vaxt “Sabah”ın çempionatın ilk səkkiz turunda cəmi bir xal topladığını xatırladıb.
Klub prezidenti Musayevin belə çətin vəziyyətdə komandaya rəhbərlik etməyə necə razı salındığını da izah edib:
“Biz onu Bakıya dəvət etdik, klubun strategiyası, fəlsəfəsi və görmək istədiyimiz futbol barədə ətraflı məlumat verdik. Düşünürəm ki, onu məhz strategiyamız və klubun inkişafına yanaşmamız maraqlandırdı.
Əminəm ki, müasir və yenilikçi məşqçi olan Musayev Bakıya gəlməzdən əvvəl də komandamızı araşdırmışdı. Yəqin ki, məşqçilər heyəti ilə birlikdə “Sabah”ın oyunlarını izləmiş, statistik göstəriciləri təhlil etmişdi.
Həmin vaxt turnir cədvəlinin sonuncu pilləsində idik və cəmi bir xalımız var idi. Lakin genişləndirilmiş statistika tamamilə fərqli mənzərə ortaya qoyurdu. Səhv etmirəmsə, gözlənilən xallar göstəricisinə əsasən, hətta çempionatın ilk üçlüyündə yer almalı idik.
Düşünürəm ki, Musayev və onun məşqçilər heyəti də bu rəqəmləri görmüş, komandanın potensialının turnir cədvəlindəki mövqeyindən xeyli yüksək olduğunu anlamışdı. Onlar bu kollektivlə daha böyük uğurlar qazanmağın mümkünlüyünü başa düşürdülər”.