Menyu

Balkonların mətbəxə çevrilməsi hansı təhlükələr yaradır? - Ekspertdən xəbərdarlıq

Ayşən Sadıxzadə
Balkonların mətbəxə çevrilməsi hansı təhlükələr yaradır? - Ekspertdən xəbərdarlıq
1 dəq oxu

Bina evlərində yaşayış sahəsini genişləndirmək məqsədilə balkonların mətbəxə birləşdirilməsi və ya bu məkanların yemək bişirmək üçün istifadə olunması halları ilə tez-tez rastlaşmaq mümkündür. Lakin ilk baxışdan praktik görünən bu dəyişikliklər binanın təhlükəsizliyi, mühəndis-kommunikasiya sistemləri və sakinlərin həyatı baxımından bir sıra risklər yarada bilər. Bəs balkonların mətbəxə çevrilməsi hansı təhlükələrə səbəb olur?

Mövzu ilə bağlı Operativ Media-ya təhlükəsizlik eksperti Samir Nəbiyev danışıb.

O bildirib ki, balkonun layihəsiz və özbaşına mətbəxə çevrilməsi həm mənzil sakinləri, həm də qonşular üçün ciddi təhlükə yarada bilər. Riskin səviyyəsi binanın konstruksiyasından, balkonun texniki vəziyyətindən və aparılan dəyişikliklərdən asılıdır:

“İlk məsələ konstruksiyanın təhlükəsizliyidir. Əlavə hörgü, qalın döşəmə qatı və ağır mətbəx avadanlığı balkonun yükünü artırır. Daşıyıcı divarın sökülməsi və ya zəiflədilməsi isə binanın dayanıqlığına təsir edə bilər. Buna görə AzDTN 2.7-2 “Yaşayış binaları” normalarının 6.4–6.5-ci bəndləri yenidənqurma zamanı konstruksiyaların mövcud vəziyyətinin, əlavə yüklərin və açılan yeni boşluqların hesablamada nəzərə alınmasını tələb edir.

İkinci ciddi məsələ qaz və havalandırmadır. Qaz xəttinin və plitənin özbaşına köçürülməsi qadağandır. Qapalı balkonda hava mübadiləsi təmin edilmədikdə natamam yanma nəticəsində dəm qazı ilə zəhərlənmə təhlükəsi yaranır. “Azəriqaz”ın açıqladığı tələblərə görə, dördgözlü qaz plitəsi olan mətbəxin həcmi azı 15 kubmetr, hündürlüyü isə 2,2 metr olmalı, nəfəslik və ventilyasiya kanalı təmin edilməlidir. Deməli, balkonun şüşələnməsi onun mətbəx üçün texniki uyğunluğunu təsdiqləmir. Su-kanalizasiya xətləri, hidroizolyasiya və elektrik təchizatı da ayrıca qiymətləndirilməlidir. Mühəndislik baxımından, bu işlərin qüsurlu görülməsi su sızmasına, aşağı mərtəbədəki mənzilə zərər dəyməsinə və elektrik təhlükələrinə səbəb ola bilər. Yaşayış binalarına dair normalar həmin sistemlər üçün də təhlükəsizlik tələbləri müəyyən edir.

Hüquqi baxımdan da mətbəxin yerinin dəyişdirilməsi rəsmi razılaşdırma tələb edir. Mənzil Məcəlləsinin 23.2 və 24-cü maddələrinə əsasən, bu, layihə və səlahiyyətli orqanın qərarı ilə həyata keçirilən yenidən planlaşdırmadır. Tövsiyəm budur: işə başlamazdan əvvəl mühəndis qiymətləndirməsi aparılmalı, layihə hazırlanmalı və tələb olunan razılaşdırmalar alınmalıdır”.

Əlaqəli Xəbərlər