Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb
2026-cı ilin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Operativ Media bp-nin 2026-cı ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk üç rüb ərzində terminal təxminən 138 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 73,4 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.
2026-cı ilin üçüncü rübündə Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam edib və rübün sonuna ümumilikdə 90 faiz tamamlanıb.
Layihənin terminalın “Şahdəniz 2” sahəsində əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçidi irəliləmişdir, AÇG sahəsində isə tikinti işləri davam edib. Terminal ərazisindən kənarda yerləşən “AzərEnerji”nin dövlət elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi işləri başa çatıb.
Rüb ərzində layihə üzrə bir sıra mühüm quraşdırma və sınaq işləri tamamlanıb, istismar sınaqları başlanmış və terminalın gələcək elektrikləşdirilməsinə dəstək məqsədilə enerji təchizatı sisteminin modernləşdirilməsi davam edib. Layihə çərçivəsində həmçinin işəsalınmaya hazırlıq üzrə planlaşdırılmış prosesin bir hissəsi olaraq müstəqil daxili əminlik yoxlaması başa çatdırılıb.
İşəsalınma və dövlət elektrik şəbəkəsinə qoşulma fəaliyyətlərinin mərhələli şəkildə və terminaldakı əməliyyatların fasiləsizliyi təmin olunmaqla həyata keçirilməsi layihənin diqqət mərkəzində qalmaqda davam edir.
Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə Günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” Günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün 7 qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.