ABŞ administrasiyasında İranla bağlı fikir ayrılığı dərinləşib
ABŞ administrasiyasında Konqresə aralıq seçkilərdən sonra İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılıqları güclənib.
Operativ Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, administrasiyanın bəzi rəsmiləri ABŞ Prezidenti Donald Trampı İrana yeni zərbələr endirməyə və bundan sonra sülhə nail olmağa çalışmağa çağırırlar. Digər məmurlar isə hərbi əməliyyatların vaxtında dayandırılmasının vacibliyini düşünürlər.
Nəşr qeyd edir ki, Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətindən sonra İrana qarşı hərbi əməliyyatlarla bağlı administrasiya daxilində fikir ayrılıqları daha da kəskinləşib.
Donald Tramp noyabrın 4-də bildirib ki, İranla müharibəni istədiyi vaxt başa çatdıra bilər. Bununla belə, onun sözlərinə görə, proses düzgün şəkildə həyata keçirilməlidir.
ABŞ lideri respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən birinin İranla müharibə və yanacağın qiymətinin artması olduğunu da etiraf edib.