XRİTDX-nin rəisi: Kibertəhlükəsizlik yalnız hücumdan sonra tədbir görmək deyil
Kibertəhlükəsizlik risklərin əvvəlcədən müəyyən edilməsi, davamlı monitorinq, qabaqlayıcı müdafiə, operativ reaksiya və xidmətlərin dayanıqlı bərpasını əhatə edən fasiləsiz prosesdir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq təcrübədən çıxan nəticələr kibertəhlükəsizliyə yalnız hücum baş verdikdən sonra tədbir görülməsi kimi yanaşmağın kifayət etmədiyini göstərir.
İlqar Musayev vurğulayıb ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, kibertəhdidlərin vaxtında aşkarlanması, insidentlərə çevik reaksiya verilməsi və qabaqlayıcı müdafiə mexanizmlərinin inkişaf etdirilməsidir.