Menyu

XİN: Fransanın selektiv yanaşması normallaşma prosesinə zərər vurur

Operativ Media
XİN: Fransanın selektiv yanaşması normallaşma prosesinə zərər vurur
3 dəq oxu

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransa Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialara dair şərhi edərkən bildirib.

"Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir.

2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir.

Humanitar məsələlərə gəldikdə, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir. Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.

Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.

Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır.

Fransa Hökumətinin özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsi də diqqət çəkir. Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir.

Fransa Hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər