Azərbaycan-İsrail mədəni əməkdaşlığı müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 17-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Səfiri salamlayan Adil Kərimli Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib. Qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr ildən-ilə genişlənir. İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və incəsənət layihələrində qarşılıqlı iştirak bu əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Səfir Ronen Kraus səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan-İsrail mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.