FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb
Nərmin Qocamanlı
Avqustun 4-dən 14-dək Belarusda keçirilən II MDB oyunlarında 22 ölkənin 3 mindən çox idmançısı mübarizə aparıb. Azərbaycanın 16 idman növü üzrə 177 idmançı ilə təmsil olunduğu yarışlarda milli yığma komandanın üzvü, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun İdman təlim şöbəsinin inspektoru Murad Hacızadə karate üzrə kişilər arasında 84 kiloqram çəki dərəcəsində keçirdiyi 5 döyüşün nəticəsinə görə II MDB oyunlarının gümüş medalını qazanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
O karate üzrə Avropa çempionu, Dünya Kubokunun qalibi və şotokan karate üzrə dünya çempionudur. Onun ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırkı məşqçi isə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
Qeyd edək ki, M.Hacızadə 2023-cü ilin sentyabrında Kiprdə keçiriləcək böyüklər arasında “SERİE A” turnirində və oktyabrda Macarıstandakı dünya çempionatında da iştirak edəcək.
Teqlər:
"FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı beynəlxalq yarışda gümüş medal qazanıb"