Rusiya dünən axşam saatlarında Ukraynanın paytaxtı Kiyevin şimalında yerləşən Çerniqov şəhərinin mərkəzinə raket zərbəsi endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Hücum nəticəsində 7 nəfər həyatını itirib, 144 nəfər yaralanıb.
Xidmətdən verilən açıqlamada bildirilib ki, xəsarət alanlardan 15-i uşaq, 15-i polisdir.
Ukrayna prezidenti Volodimir Zelenski hücumda ölənlər arasında 6 yaşlı Sofiya adlı qızın olduğunu bildirib: "Çerniqovda rus raketi ilə təəssüf ki, 7 nəfər həlak oldu, ölənlər arasında bir qız da var. Onun adı Sofiyadır, 6 yaşı var idi. Yaxınlarına başsağlığı verirəm. 15-i uşaq olmaqla 144 yaralı var. Raket şəhərin mərkəzinə düşüb. Əminəm ki, əsgərlərimiz bu terror aktına görə Rusiyaya cavab verəcəklər".