Menyu

Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

Operativ Media
Təhsildə rəqəmsallaşma və süni intellekt həlləri genişlənir

STEAM İnnovasiya Mərkəzində “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Təhsildə rəqəmsallaşma” mövzusunda təlim-müzakirə sessiyası keçirilib. Tədbirdə təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tətbiqi və elektron təhsil xidmətlərinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Operativ Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında təhsil sahəsində rəqəmsal transformasiya istiqamətində görülən işlərdən və hədəflərdən danışıb.

V.Xanlarov bildirib ki, tədbirin əsas məqsədi təhsildə rəqəmsallaşma sahəsində həyata keçirilən layihələr, əldə olunan nəticələr və gələcək planlar barədə media nümayəndələrini məlumatlandırmaqdır. O qeyd edib ki, təhsil sistemində tətbiq olunan rəqəmsal həllər üzərində qurulan süni intellekt alətləri barədə də iştirakçılara ətraflı məlumat verilib.

İdarə rəisinin sözlərinə görə, 2025-ci ilin sentyabr ayından Bakı məktəblərində istifadəyə verilən “Rəqəmsal məktəb” platforması valideynləri, müəllimləri, şagirdləri və məktəb rəhbərlərini vahid rəqəmsal mühitdə birləşdirir. Platformada formalaşan məlumat bazası əsasında müxtəlif süni intellekt həlləri hazırlanaraq tətbiq edilir.

“2026-cı ilin fevral ayından etibarən müəllimlər üçün dərs planlarının hazırlanması və tədris prosesinin təşkili məqsədilə süni intellektəsaslı alətlər istifadəyə verilib. Tədris ilinin sonuna yaxın isə şagirdlər üçün süni intellektəsaslı mentor sistemi tətbiq olunub. Bu alətlər müəllim və şagirdlərin tədris prosesində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır”, – deyə V.Xanlarov vurğulayıb. O bildirib ki, növbəti tədris ilindən “Rəqəmsal məktəb” platformasının region məktəblərində də tətbiqi nəzərdə tutulur. Bununla da Bakı ilə yanaşı, bölgələrdə təhsil alan şagirdlər və müəllimlər də süni intellekt əsaslı rəqəmsal imkanlardan yararlana biləcəklər.

V.Xanlarov qeyd edib ki, platformanın əsas üstünlüklərindən biri məktəblərdə idarəetmə və kargüzarlıq proseslərinin elektron müstəviyə keçirilməsidir. Hazırda Bakı məktəblərində kağız jurnallardan istifadə dayandırılıb, qiymətləndirmə və digər qeydlər elektron jurnallarda aparılır. Məktəb rəhbərlərinin əmrləri də elektron sistem üzərindən rəsmiləşdirilir. Bu isə həm məlumatların daha səmərəli idarə olunmasına, həm də data əsaslı qərarların qəbuluna şərait yaradır.

İdarə rəisi təhsil sənədlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqında dövlət sənədləri mərhələli şəkildə yalnız elektron formada təqdim olunacaq. Bu sənədlərə ümumi təhsil attestatları, peşə təhsili üzrə sertifikatlar, eləcə də ali və orta ixtisas təhsili diplomları daxildir.

“Artıq ilk elektron diplom təqdim olunub. Yaxın günlərdə elektron diplom və attestatların “MyGov” platformasında da əlçatanlığı təmin ediləcək. Təhsil müəssisəsi məzun haqqında məlumatları sistemdə təsdiqlədikdən sonra elektron sənəd avtomatik formalaşacaq. Bu, sənədlərin operativ təqdim olunmasına və onların elektron qaydada yoxlanılmasına imkan yaradacaq”, – deyə V.Xanlarov əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər