Rafiq Hüseynov: Dünya çempionatınadək 10 təlim-məşq toplanışı keçirmiş olacağıq
Azərbaycanın yeniyetmə güləşçiləri iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq Güləş üzrə U-17 dünya çempionatına hazırdır.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Yunan-Roma güləşi üzrə yeniyetmə yığma komandasının baş məşqçisi Rafiq Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda komanda Bakıda təlim-məşq toplanışını sürdürür:
"Ölkə birinciliyinin ardından müxtəlif məkanlarda təlim-məşq toplanışları təşkil etdik. Hazırlıq prosesinə Şamaxıdan start verdik. Sonra Özbəkistanın Buxara şəhərində toplanış keçirdik. Həmin toplanış zamanı Türkiyədə baş tutan "Zəfər kuboku" turniri üçün seçim prosesimizi həyata keçirdik. Bu yarışda uğurlu çıxış edən idmançılarımız Avropa çempionatı heyətinə daxil edildi. Qitə birinciliyindən sonra artıq üçüncü təlim-məşq toplanışımızı həyata keçiririk. Sonuncu hazırlıq mərhələsi komandanın tam formaya düşməsinə yönəlib. Yığmamız optimal hazırlıq səviyyəsinə çatıb".
Baş məşqçi əlavə edib ki, kiçik zədələr ciddi narahatlıq doğurmur:
"Dünya çempionatınadək cəmi 10 təlim-məşq toplanışı keçirmiş olacağıq. Bütün bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək standartlarda təşkil olunub və bizə hər cür dəstək göstərilib".