Paytaxtda zeytun ağaclarının budanma işləri aparılacaq
Artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.
Bu barədə "Operativ Media"ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar, bütün dünyanı bürüyüb. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan və qardaş ölkə Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyəti araşdırılıb. Xüsusi olaraq Bakıya xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.
Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlar xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Zeytun ağaclarının cavanlaşdırılması məqsədilə payız mövsümündə bu ağaclarda budanma işləri aparılacaq.