Avtomobil alanlar nələrə diqqət etməlidir?
Son bir neçə ildə avtomobil alanların sayında artım müşahidə olunur. Bəziləri maşın bazarına, bəziləri isə müxtəlif elan səhifələrinə üstünlük verərək gözləntilərinə uyğun avtomobili tapmağa çalışır. Bir çoxu ilk dəfə bu nəqliyyat vasitəsini alanda onun əsasən xarici görünüşünə nəzər yetirir, lakin bu zaman məlumatsızlığı ucbatından diqqətdən qaçırdığı digər xüsusi məqamlar sonradan böyük problemə çevrildikdə əlindən heyfslənməkdən başqa bir şey gəlmir və zamanla ödədiyi məbləğin bəlkə daha çoxunu sırf təmir yerlərində xərcləməli olur.
Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov “Operativ Media”ya bildirib ki, nəqliyyat vasitəsini idarə edən və ya gələcəkdə yenisinə sahib olmaq istəyən şəxs gələcəkdə problem yaşamamaq üçün mütləq şəkildə onu rəsmi servisdə tam müayinədən keçirməlidir:
“Hazırda xaricdən ikinci əl avtomobillərin bir çoxunun gəlişi geri çəkilib, yəni qeyri-qanunidir. Bunu ələlxüsus Koreyadan gələn nəqliyyat vasitələrində müşahidə edə bilərik. Avropada bu, böyük cərimələrlə səbəb olunduğundan az hallarda müşahidə olunur. Əsasən, Koreyadan gələn avtomobillərdə vuruq və digər hissələrini mütləq ustalara göstərmək lazımdır. Həmçinin həmin nəqliyyat vasitələrinin seriya nömrələrinin müvafiq internet portallarda axtarışa verib yoxlatmaq vacibdir, bunun vasitəsilə nəqliyyat vasitəsinin daha əvvəl zərbəyə düşüb-düşmədiyini, suda batıb-batmadığını və digər bütün məlumatlarını əldə etmək olar”.
Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsinə sahib olacaq şəxs onu həm də Azərbaycanda fəaliyyət göstərən rəsmi dilerlərdə diaqnostikadan keçirməlidirlər ki, gələcəkdə böyük problemlərlə qarşılaşmasın.
Sevinc İbrahimzadə
