Gəncənin sonuncu dəfə raket atəşinə tutulmasından 4 il keçir
Bu gün Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən sonuncu dəfə raket atəşinə tutulmasından 4 il keçir.
"Operativ Media" xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutuldu.
17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.
Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak oldu. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadındır. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Qeyd edək ki, ümumilikdə 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub. Eyni zamanda 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.