AZAL-dan bilet alışı ilə bağlı yenilik

Fərrux Qocamanlı
Baxış: 1758
AZAL-dan bilet alışı ilə bağlı yenilik

Azərbaycan Hava Yolları (AZAL) aviabiletlərin bron edilməsi ilə bağlı yeniliyə başlayıb. 

Operativ Media xəbər verir ki, artıq sərnişinlər “Qiymətin sabitlənməsi” adlı xidmət vasitəsilə seçdikləri reys üzrə biletin qiymətini müəyyən müddətə qoruyub saxlaya biləcəklər.

Yeni funksiyanın əsas detalları belədir:

Reys seçimi və qiymətin sabitləşdirilməsi: İstifadəçi əvvəlcə reys seçir, daha sonra “Qiymətin sabitlənməsi” seçimi ilə bron prosesinə davam edir.

Əlavə ödəniş və təsdiq: Bu xidmət hər sərnişin üçün əlavə ödəniş tələb edir. Ödəniş kredit kartı ilə də həyata keçirilə bilər. Təsdiq e-poçt vasitəsilə göndərilir. Sözügedən ödəniş geri qaytarılmır və biletin ümumi məbləğindən çıxılmır. 

Düşünmək üçün vaxt imkanı: Seçilmiş biletin qiyməti 48 və ya 72 saat ərzində dəyişməz qalır. Bu müddət ərzində sərnişinlər bileti alıb-almamaqla bağlı qərar verə bilərlər. 

Bronun yekunlaşdırılması: Təxirə salınmış ödənişlə bron edilmiş reyslərin məlumatları e-poçt vasitəsilə və ya “Bronun İdarə Edilməsi” bölməsində təqdim olunur. Bu mərhələdə ödəniş tamamlanaraq alış başa çatdırıla bilər.

Əlavə xidmətlərə çıxış: Sərnişinlər “Bronun İdarə Edilməsi” bölməsi üzərindən yer seçimi, baqaj və digər xidmətləri əlavə edə bilərlər.

Bu yenilik səyahət planlarını qərarlaşdırmaqda çətinlik çəkən istifadəçilər üçün əlavə rahatlıq məqsədi daşıyır.

Digər xəbərlər