Güclü külək avtomobillərin yanacaq sərfiyyatını artırırmı?
Güclü külək avtomobillərin hərəkətinə təsir göstərir. Bu zaman sürücülər sürət həddini düzgün müəyyən etməli, hava şəraitinə uyğun olaraq sürəti azaltmalıdırlar.
Bu sözləri Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli deyib.
O bildirib ki, küləyin istiqamətindən və gücündən asılı olaraq yanacaq sərfiyyatında da müəyyən fərqlər yarana bilər:
“Lakin əsas təhlükə küləyin avtomobilin idarəetməsinə təsiri ilə bağlıdır. Güclü külək avtomobillərin hərəkət istiqamətini dəyişə, hətta onları yoldan çıxara bilər. Xüsusilə magistral yollarda hərəkət edən böyük tentli yük avtomobilləri küləyin təsirinə daha çox məruz qalır.
Sürücülər avtomobillərini saxladıqları yerlərə də mütləq diqqət yetirməlidirlər. Nəqliyyat vasitələrini ağacların altında və küləyin təsirindən təhlükəli ola biləcək yerlərdə saxlamaq məsləhət deyil.
Böyük tentli yük avtomobilləri magistral yollarda hərəkət edərkən sürətlərini ən azı 20 km/saat azaltmalıdırlar. Sedan tipli avtomobillərin sürücüləri də eyni qaydada sürəti aşağı salmalıdırlar. Məsələn, yolda sürət həddi 80-100 km/saatdırsa, güclü külək zamanı sürəti ən azı 20 km/saat azaltmaq lazımdır ki, mümkün fəsadların qarşısı alınsın.
Yanacaq sərfiyyatına gəldikdə isə, külək müəyyən fərq yaratsa da, bu təsir o qədər də ciddi deyil”.