Donald Tramp və Səudiyyə Ərəbistanının müdafiə naziri İran münaqişəsini müzakirə ediblər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud ilə görüşərək İran ətrafındakı mövcud vəziyyəti nəzərdən keçirib.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmi şəxsə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, İyulun 29-da baş tutan danışıqlar zamanı krallığın müdafiə idarəsinin rəhbəri ABŞ liderinə vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudun regional gərginlik və İranla müharibəyə dair məktubunu çatdırıb. Lakin müraciətin dəqiq təfərrüatları açıqlanmayıb.
Bununla yanaşı, CNN televiziya kanalının mənbələrə istinadən verdiyi məlumata görə, krallığın müdafiə naziri eyni gündə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə də bir araya gəlib. Bildirilib ki, Ər-Riyad regiondakı eskalasiyanın səngiməsində maraqlıdır və münaqişənin uzanmasını ciddi risk mənbəyi hesab edir.
Eyni zamanda, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Turki əl-Maliki çərşənbəyə keçən gecə ölkənin silahlı qüvvələrinin ABŞ Mərkəzi Komandanlığı ilə birgə İraq ərazisindəki bəzi hədəflərə nöqtə zərbələri endirdiyini bəyan edib. Krallıq tərəfi vurulan obyektlərin Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlarda əli olan İraqdakı qruplaşmalarla əlaqəli olduğunu iddia edib. Əməliyyat nəticəsində şiə könüllü dəstələrinin 20 döyüşçüsünün həlak olduğu bildirilir.