Rubio: ABŞ Tayvan ətrafında status-kvonun güc yolu ilə dəyişdirilməsini qəbul etmir
ABŞ administrasiyası Tayvan ətrafında mövcud olan status-kvonun məcburi vasitələrlə dəyişdirilməsi cəhdlərini qəbuledilməz hesab edir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bəyan edib.
Diplomatın sözlərinə görə, Vaşinqton güc və təzyiq yolu ilə mövcud vəziyyətin pozulmasına qarşıdır. Dövlət katibi vurğulayıb ki, ABŞ-nin bu qəti mövqeyi Çin tərəfi ilə keçirilən görüşlər zamanı da açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırılıb.
Xatırladaq ki, 1949-cu ildə Çan Kayşinin rəhbərlik etdiyi Qomindan qüvvələrinin vətəndaş müharibəsindəki məğlubiyyətindən sonra Tayvan müstəqil idarəetmə sistemini qoruyub saxlayır. Pekin adanı Çin Xalq Respublikasının tərkib hissəsi və ayrılmaz əyaləti hesab edir. Vaşinqton 1979-cu ildə Taybey ilə rəsmi diplomatik əlaqələri kəsərək Pekini tanısa da, "Vahid Çin" siyasəti çərçivəsində ada ilə qeyri-rəsmi münasibətləri davam etdirir və Tayvanın əsas silah təchizatçısı rolunda çıxış edir.